Akif Aşırlı, əməkdar jurnalist
26 fevral- 6 mart 1926-cı ildə Bakıda keçirilən Türk xalqlarının milli -mədəni birliyinə növbəti təkan verən Birinci Bakı Türkoloji Qurultayı Azərbaycan anadilli mətbuatının diqqət yönəltdiyi əsas mövzulardan biridir. Aparılan araşdırmalarda təəssüf ki, azərbaycandilli nəşrlərə nisbətən rusdilli qəzet və jurnallara istinadlar çoxluq təşkil edir. Qurultay barədə tədqiqatlarda "Bakinskiy raboçiy", "Zarya", "Pravda" və digər mətbu nəşrlərə əsas götürülsə də, anadili "Kommunist", "Yeni fikir", "İnqilab və mədəniyyət", "Yeni yol", Qərbi Azərbaycanda çap olunan "Zəngi" qəzetlərinə istinadlar çox azdır. Bunun səbəbi həmin dövrün qəzet və məcmuələrin böyük bir qisminin ərəb əlifbasında çap olunması, bu əlifbadan istifadə edən tədqiqatçıların sayının yetərincə olmamasıdır.
Sovet mətbuatının təbliğat-təşviqat missiyasından doğan xeyli sayda məqalə, "ərəbçi"lər və "latınçı"ların fikir çəkişmələri, ərəb əlifbasının latın qrafikası ilə əvəzlənməsi, türk ləhcələrinin yaxınlaşması, saf türkcənin formalaşması, dilin islahı barədə faktoloji materiallar qəzet və məcmuələrdə yetərinçə çap olunub. 1926-cı ildə "Bakinskiy raboçiy" qəzeti nəşriyyatı tərəfindən çap olunan stenoqrafik hesabatda qurultayın açılışı, məruzəçilərin çıxışları, səhər-axşam iclaslarının stenoqramı ilə mətbuat materialları arasında paralel müqayisə və təhlillərdə ortaya çıxan nəticədə fərqliliklər var. "Stenoqrafik hesabat"da qurultay nümayəndələrinin və məruzəçilərin çıxışları tarixi ardıcıllıqla geniş çap olunsa da, qurultayın keçirildiyi bir həftə ərzində qəzetlərdə çap olunan materiallarda konkretlik, yığcamlıq var. Qəzet və dərgilərdəki məlumatların təhlili onu göstərir ki, "ərəbçi"lərin mövqeyindən daha çox "latınçı"lara mövqelərini əsaslandırmaq üçün daha geniş yer verilib. Sovet rejiminin təbliğat ruporu olan mətbuatda dünya türkoloqların ortaq müzakirə platforması olan qurultaya bəzən siyasi-ideoloji rəng qatır, elmi tədbirin mahiyyəti siyasiləşdirilir, leninizmin qələbəsi olaraq təqdim olunurdu. 
Qurultay türk xalqlarının taleyində, tarixində və mədəni birliyində ən mühüm addım kimi diqqət çəkir və cavabı müxtəlif istiqamətlərə yönələn xeyli sual yaranır. Özülü 6 il əvvəl qurulan Sovet İmperiyasının bu, Türk xalqlarının vahid platformalarda birliyinin təmininə yönələn, yeni Türk əlifbasının yaranması, savadsızlığın aradan qaldırılması istiqamətində təşəbbüs və addımlarında marağı və məqsədi nə idi? Sovetlərin müstəqil dövlətlərini zorla zəbt etdiyi türklərin əlifba, dil, terminologiya, arxeologiya, tarixi birliyi üçün birdən-birə ümumittifaq miqyasında islahatlara başlamasının səbəbləri maraq doğurmaya bilməz. Sovet imperiyasının ilk dəfə Bakıda geniş miqyasda İran, Türkiyə və bəzi Avropa dövlətlərinin məşhur dilçilərinin, alimlərinin qatıldığı bu qurultayın keçirilmə səbəblərindən biri müstəqil dövlətlərini zəbt edərək ruslaşdırma, özgələşdirmə siyasətinə məruz qoyduğu Rusiya içərilərində yaşayan 30 milyon türkü Atatürkün qurduğu müstəqil Türkiyə Cümhuriyyətindən ideoloji cəhətdən ayırmaq idi. Çünki İstanbulda, Ankarada, Anadoluda çap olunan dərgilər, qəzet və kitablar Bakıda, Tiflisdə, Buxarada, Səmərqənddə, Krımda, İdil-Ural boylarında çox asan oxunur, türk yurdlarında türkçülük duyğularını, milli hisslərini öləziməyə qoymurdu. İkinci əsas niyyət isə ərəb əlifbasında nazil olan Qurana qarşı kommunistlərin apardığı ideoloji savaş idi. 1923-cü ildə rəsmi şəkildə Azərbaycanda Allahsızlar Cəmiyyəti yaradan kommunistlərin əsas niyyəti turk xalqlarının dini inanclarını aradan qaldırmaq, guya fanatizmlə, cəhalətlə mübarizə aparmaq idi. Üçüncü ən mühüm faktor isə Türkiyədə mühacirətdə olan Azərbaycan Xalq Cümhuriyyəti lideri M.Ə.Rəsulzadəyə, onun silahdaşlarına qarşı "öldürücü zərbə" vurmaq , mühacirlərin ideoloji mübarizəsinin qarşısının alınması məqsədi daşıyırdı. M.Ə.Rəsulzadə 1923-cü ilin sentyabrın 16-da İstanbulda nəşr etdiyi "Yeni Qafqaziya" dərgisində bolşeviklərin bölgədə törətdikləri qətliamları, ruslaşdırma siyasətini xüsusən Bakı və Muğan bölgələrinə rusların kütləvi köçürülməsini, dövlət vəzifələrinə Azərbaycan türklərindən daha çox rusların, ermənilərin təyin olunmasını tənqid edirdi.
Sovetlərin əsas qayələrindən biri beynəlxalq aləmdə Sovet Rusiyasının müstəqilliyini zorla qəsb etdiyi xalqlar üzərində imperialist rolu barədə ittihamlarının qarşısını bu qurultayın təşkili ilə almaq idi.
Bakı niyə Türkoloji mərkəz seçildi?
Ana dilində nəşr olunan materialların, siyasi yazıların, hesab xarakterli materialların tədqiqi onu göstərir ki, müxtəlif qəzet və dərgilərdə qurultayın adı terminoloji baxımdan müxtəlif formada istifadə edilib. Bəzi mətbu orqanlar qurultayı Ümumittifaq türkoloji qurultay kimi təqdim edir. Bir qism mətbu nəşrlərdə Bakı I Türkoloji qurultayı, Azərbaycan Türkoloji Qurultayı və sadəcə Türkoloji qurultay terminləri ilə ifadə olunur. Ümumittifaq sovetlər birliyi miqyasında keçirilən bu toplantının Bakıda keçirilmə səbəbləri barədə də dövrün mətbu salnamalərində maraqlı məlumat və faktlar var. Akademik Bartold Qurultayın ilk dəfə Rusiyanın türkoloji mərkəzi hesab olunan Leninqradda, sonra isə Moskvada keçirilməsinin nəzərdə tutulduğunu, amma maddi imkanların yetərli olmaması səbəbindən baş tutmadığını yazır:
"Qurultayın Bakıda çağırılmasına dair bir çox dəlillər vardır. Sabiq Rusiyada pək az şəhər var ki, Bakı kimi inqilabdan sonra iqtisadi, mədəni əhəmiyyəti əvvəlkindən daha ziyadə artmış olsun. Bu hadisənin səbəblərindən bəhs etməklə bərabər danmaq olmaz ki, əksər əhalisi türk olan sair cümhuriyyətlərin həpsinə nisbətdə Azərbaycan Cümhuriyyəti və onun paytaxtı olan Bakı şəhəri darülfünunun həyatı və ümumiyyətlə elmi həyatı daha yüksək səviyyədə saxlamağa müvəffəq olmuşdur". Bartold Bakının coğrafi mövqeyinə görə qurultayın digər respublikalarda keçirilməsindən daha əlverişli olduğuna diqqət yönəldir: "Bakı Moskvaya Leninqraddan, istər Krıma, Tatarıstan, Türkmənistan, Tatarıstan cümhuriyyətlərindən gələnlər üçün daha əlverişlidir".
"Kommunist" qəzetində dərc olunan "Türkoloji qurultayın təşkili" məqaləsində qurultayın müəyyənləşməsi, Krımda, Tatarıstan və Özbəkistanda aparılan elmi müzakirələr, konfranslar barədə məlumat verilir və qeyd edilir ki, 1923-cü ildən I Azərbaycan Türkoloji Qurultayına hazırlıqlara başlanılıb və nəticədə 1925-ci ildə yekun qərar verilib: "Bu il (yəni 1925-ci ilin) avqust ayında Şuralar İttifaqı Xalq Komissarlar Şurası qurultayın təşkilat komitəsinin sədri Mixail Yuriyeviçin məruzəsi üzrə 1925-ci ilin kanuni - əvvəl ayında Bakıda qurultayın çağırılması barəsində qərar çıxarılmış və beləliklə, qurultayın çağırılması qəti surətdə həll edilmişdir".
Qurultayın təşkili barədə xəbərin Sovetlər Birliyinin tərkibində olan Türk cümhuriyyətlərində hərarətlə qarşılandığı və verilən qərardan 3-4 həftə sonra Türküstanda, Tatarıstanda, Krımda, Şimali Qafqazda, hətta Ermənistan və Gürcüstanda belə qurultaya göndəriləcək nümayəndələr, oxunacaq məruzələr müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
Qurultayda Rusiya, İran, Türkiyə, bəzi Avropa ölkələrindən 130 nəfərin iştirak edəcəyi, Şuralar İttifaqından 30-dan çox cümhuriyyət və əyalətlərində yaşayan türk-tatar nümayəndələrinin qatılacağı barədə də dövrün mətbu səhifələrində məlumatlar əks olunub. Bü barədə "Qurultayın təşkili barədə" genişhəcmli faktlarla zəngin məqaləsində dünyanın məşhur türkoloq-alimlərinin, akademik Bartoldun, professor Samalyoviçin, almaniyalı alim Yanqın, Fuad Köprülüzadənin məruzə ilə çıxış edəcəyi xəbər verilirdi.
Türkiyə nümayəndələri Ə. Hüseynzadə və Fuad Köprülü
"Biz azərbaycanlılar müsafirlərimizi ürəkdən və səmimiyyətlə qarşılayacağız" söyləyən Qurultayın təşkilat komitəsi sədri Səməd Ağamalıoğlu ümid edirdi ki, Bakının ev sahibliyi etdiyi bu ali məclis türk xalqlarının gələcək həyatında, elmi-texniki tərəqqi yolunda inkişafına böyük imkanlar açacaq. Qurultay ərəfəsi mətbuatın ən çox diqqət yönəltdiyi məsələ xaricdən gələn türkoloq-alimlərin mövqeyi, ərəb əlifbasının latın qrafikalı yeni əlifba ilə əvəz edilməsinə, sovetlərin tərkibində olan türk xalqlarının tarixi keçmişinə, mədəniyyətinə verilən önəm barədə məlumatların əldə olunub yazılmasıdır. Əsas diqqət Türkiyə Cümhuriyyətindən qurultaya qatılan professorlar Əli bəy Hüseynzadə və Fuad Köprülü idi. Ə.Hüseynzadə və F.Köprülü Azərbaycanda kifayət qədər tanınan, fikirlərinə önəm verilən alimlər olduğundan və Türkiyənin ərəb əlifbasının latın qrafikasına keçirilməsinə münasibətinin sovetlər tərəfindən öyrənilməsində bu iki alim diqqətdə saxlanılır və ehtiyatlı davranılırdı. Azərbaycanda doğulan və Türkiyəyə mühacirət edən böyük mütəfəkkir, turançılığın banilərindən Əli bəy Hüseynzadə axırıncı dəfə Bakıda Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü və istiqlal savaşı apardığı 1918-ci ilin iyun-iyul aylarında olmuşdur. O zamandan bəri Azərbaycana gəlməyən Ə.Hüseynzadə Bakının mərkəzində qatar stansiyasında müxbirlərə verdiyi açıqlamada deyir: "Uzun illər ayrıldığım Azərbaycana gələrkən dərin sevinc duydum. Türkoloji qurultay mühüm bir hadisədir". Ə.Hüseynzadə Bakıda " Kommunist " və " Yeni fikir " qəzetlərinə verdiyi qısa acıqlamada Türkiyə dövlətinin latın qafikasına kecidlə bağlı yekdil qərarı olmadığından Türkiənin əlifba islahatına münasibəti ilə bağlı suallara diplomatik cavab verir , sadəcə hərf dəyişməsini inqilab adlandırırdı.Qəzetlər , xüsusən " Kommunist " qəzeti Ə. Hüseynzadənin bu " ehtiyatlı mövqeyini " tənqid edir, latıncıların ərəbcilərə qarşı savaşında neytral mövqe tutduğu istehza ilə xatırlanırdı.
Fuad Köprülü Türkiyədə türkologiyanın vəziyyəti, dövlətin latın əlifbasına keçid layihəsinin olub-olmaması barədə verilən sual barədə "Kommunist" qəzetinin müxbirinə verdiyi qısa müsahibədə belə cavab verirək qeyd edir ki, Türkiyədə hərf məsələsi 15 ildən bəri mövzui-bəhs olunur. " Bu xüsusda ortaya dürlü-dürlü fikirlər atılmışdır. Bunların ən başlıcası üç fikir ətrafında toplanıyor.
1) Şimdiki ərəb hərflərinin islahı;
2) Latın hərflərinin türkcəyə görə bəzi dəyişikliklərlə qəbulu;
3) Yenə də ərəb hərflərindən olmaq üzrə ayrı-ayrı şəkillərdən mürəkkəb bir əlifbanın qəbulu. Bu müxtəlif cərəyanların müxtəlif müməsil və tərəfdarları vardır".
Professor Fuad Köprülü Bakıya gəlişinin ilk günü vaxtilə Trabzon Türk Ocağında verdiyi bir konfransdakı fikirlərinin "Yeni fikir" qəzetində təhrif olunduğunu görür və və etiraz edir. Əslində, F.Köprülü konfrans vermədiyini, sadəcə, Batumdan İstanbula dönərkən Trabzonda beş-altı saat qaldığını, Türk Ocağını ziyarət edərək bəzi dostlarla görüşüb söhbətləşdiyini bildirir. Professorun bu söhbətini konfrans adlandıran "Yeni fikir" qəzeti guya F.Köprülü Türkiyə Cümhuriyyətini Sovet Rusiyasına nisbətdə mənəvi və dini inkişafdan geridə qaldığını söyləyib və deyib: "Əgər bizim mənəvi və dini inkişafımız bugünkü bulunduğu icma nöqtəsində qalarsa, Şuralar İttifaqındakı türklərin üzərində təsir imkanlarını itirəcəyik." Bu fikirlərin ona məxsus olmadığını qeyd edən F. Köprülü Türkiyə Cümhuriyyətinin ən böyük və ən çətin ictimai inqilabları müvəffəqiyyətlə həyata keçirdiyini, Sovet İttifaqına dost münasibəti göstərdiyini xüsusi vurğulayır, Türkiyə ilə Rusiyanın türklər üzərində nüfuz savaşı aparmadığını bildirir, onun adından yazılanları təkzib edirdi.
Qeyd edək ki, Ə. Hüseynzadə Bakıda qurultayda xüsusi qeyd dəftərçəsi tərtib edib, bu qeydlərin bir hissəsini Əliheydər Bayat və Ziya Ülkən cap edib.