DİM-dən gözlənti budur ki, yeni rəhbərlik işlək mexanizmləri qoruyacaq - Təhsil eksperti

  • BDU isə ölkənin ən böyük elm və təhsil ocağıdır. Ondan da gözləntilər böyükdür. Prioritet olaraq tədris proqramları əmək bazarının tələblərinə və müasir texnologiyalara uyğunlaşdırılmalıdır

Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması övladı 11-ci sinifdə oxuyan valideynləri xeyli narahat edib, hazırda BDU-da təhsil alan tələbələri isə sevindirib.

Bunun səbəbi M.Abbaszadənin DİM-ə (əvvəllər TQDK) rəhbərlik etdiyi 27 il ərzində adının hər hansı neqativ hadisədə hallanmaması, işgüzarlığı, prinsipiallığı və şəffaf idarəetmə metodu ilə tanınmasıdır. Abituriyentlər imtahan suallarından bəzən narazılıq etsələr də, M.Abbaszadə əsaslı arqumentlərlə ittihamlara cavab verirdi.

Bəs narahatlığa əsas nə dərəcədədir?

Hesab etmək olar ki, bu narahatlığın kökündə cəmiyyətimizdə formalaşmış “köhnənin yerinə yaxşısı gəlmir, əvvəl qurulanı dağıdır, yeniliklər isə daha çox çətinlik və problem yaradır” stereotipi dayanır. Çünki Azərbaycan cəmiyyəti bunu dəfələrlə görüb və yaşayıb.

Məsələ burasındadır ki, təhsil sahəsi ilə hər hansı şəkildə bağlılığı olan insanlar indiki vəziyyətlə müqayisədə sabiq təhsil naziri Misir Mərdanovu tərifləmək məcburiyyətində qalırlar. Bəlkə də, bu, insanların yeniliklərə kifayət qədər açıq olmaması ilə bağlıdır. Yaxud da yenilik adı altında vəziyyəti daha da qəlizləşdirən proseslər həyata keçirildiyindən insanlar “o biri bundan yaxşı idi” demək məcburiyyətində qalırlar.

M.Abbaszadə haqqında “kasıbın balasının əlinə tələbə bileti verdi” ifadəsi daha çox işlədilir. Valideynlər ehtiyat edirlər ki, onun vəzifədən getməsi ilə övladları ali məktəbə qəbul olmaq imkanını itirə bilərlər.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli Sherg.az-a açıqlamasında bildirib ki, rəhbər dəyişikliyi təbii prosesdir. Əsas məsələ şəxs dəyişdikdə sistemin dəyişməməsi və təhsilin keyfiyyətinin aşağı düşməməsidir:

– Son illərdə DİM-də imtahanların təşkili, elektron infrastruktur, şəffaflıq və abituriyentlərlə kommunikasiya baxımından ciddi təcrübə toplanıb. Bunu ictimaiyyət də yüksək qiymətləndirir. Ona görə də gözlənti budur ki, yeni rəhbərlik işlək mexanizmləri qoruyacaq, yenilikləri isə əvvəlcə sınaqdan keçirərək mərhələli şəkildə tətbiq edəcək.

Yeniliklər həmişə effektiv olmur. İmtahan sistemindəki hər dəyişiklik yüz minlərlə abituriyentin və ailənin taleyinə təsir edir. İmtahan modelində, test formatında və qəbul qaydalarında qəfil dəyişikliyə yol verilməməlidir. Dəyişiklik olacaqsa, əvvəlcədən elan edilməli, müəllimlər və ekspertlərlə müzakirə olunmalı, abituriyentlərə hazırlaşmaq üçün kifayət qədər vaxt verilməlidir. Yenilik özlüyündə məqsəd deyil. Onun sistemi daha ədalətli, şəffaf və etibarlı etdiyi sübut olunmalıdır.

BDU isə ölkənin ən böyük elm və təhsil ocağıdır. Ondan gözləntilər böyükdür. Prioritet olaraq tədris proqramları əmək bazarının tələblərinə və müasir texnologiyalara uyğunlaşdırılmalıdır. BDU yalnız tədris müəssisəsi deyil, həm də elmi mərkəz olmalıdır. Beynəlxalq jurnallarda elmi nəşrlərin və qrant layihələrinin sayı artırılmalı, gənc və perspektivli alimlərin cəlb olunması, professor-müəllim heyətinin peşəkar inkişafı təmin edilməlidir. Həmçinin universitet məzunlarının işlə təmin olunması ilə bağlı real göstəriciləri izləməli və açıq şəkildə paylaşmalıdır.

İmtahan və qəbul sahəsində təcrübəsi olan rəhbərin ali təhsil müəssisəsinə rəhbər təyin edilməsi iki qurum arasında əlaqəni gücləndirə bilər. Hesab edirəm ki, məsələn, ali məktəbə qəbul olunan tələbənin hazırlıq səviyyəsi ilə universitetdə tədrisin keyfiyyəti arasında uyğunluq daha yaxşı təmin edilə bilər.

Amma nəticə yalnız vəzifə dəyişikliyi ilə deyil, konkret işlə ölçüləcək. İlk addımlara və elan olunacaq prioritetlərə baxaraq dəyərləndirmə aparmaq daha düzgün olar.