Fizikanı idman müəllimi, kimyanı bioloq tədris edir: Bölgələrdə müəllim böhranı

  • "Bu, təhsilin keyfiyyətinə ciddi mənfi təsir göstərən və qəbuledilməz vəziyyətdir"

Bölgələrdə müəllim çatışmazlığı illərdir müzakirə olunan əsas problemlərdən biri olaraq qalır. Xüsusilə, kənd və ucqar ərazilərdə peşəkar kadrların azlığı təhsil xidmətlərinin keyfiyyətinə ciddi təsir göstərir. 

Müxtəlif səbəblərdən bir çox vakant yerlər boş qalır. Bu səbəbdən də şagirdlər keyfiyyətli təhsildən məhrum olurlar.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi Sherg.az-a bildirib ki, bölgələrdə müəllim vakansiyalarının tutulmamasının əsas səbəbləri dərs yükünün və əməkhaqqının az olması, eləcə də yaşayış şəraitinin qənaətbəxş olmamasıdır:

"Bölgələrdə müəllim vakansiyaları təəssüf ki, bir çox hallarda tutulmur. Bunun əsas səbəbləri dərs saatlarının azlığı, əməkhaqqının aşağı olması, mənzil təminatının olmaması və sosial mühitin zəifliyidir. Nəticədə vakant yerlər boş qalır və bundan ən çox əziyyət çəkən şagirdlər olur. Elə məktəblər var ki, fizika fənnini fiziki tərbiyə müəllimi, kimyanı isə biologiya müəllimi tədris edir. Bu, təhsilin keyfiyyətinə ciddi mənfi təsir göstərən və qəbuledilməz vəziyyətdir".

Elçin Əfəndinin fikrincə, problemin həlli üçün bölgələrdə işləməyi seçən müəllimlərə əlavə stimullaşdırıcı mexanizmlər tətbiq edilməlidir. O hesab edir ki, H1 və H2 əlavələri ilə yanaşı, digər həvəsləndirici tədbirlərin də həyata keçirilməsinə ehtiyac var: "Bölgələrdə vakant yerləri seçən müəllimlər üçün xüsusi imtiyazlar müəyyənləşdirilə bilər. Onlara güzəştli şərtlərlə mənzil əldə etmək imkanı yaradılmalı, aşağı faizli kreditlər təqdim edilməli, əməkhaqqına əlavə bonuslar verilməlidir. Belə təşviq mexanizmləri tətbiq olunarsa, əminəm ki, vakant yerlər məhz həmin fənlər üzrə ixtisaslaşmış müəllimlər tərəfindən doldurular və məktəblərdə kadr çatışmazlığı əhəmiyyətli dərəcədə azalardı".