Şagirdlərin aqressiyası təhlükəli həddə çatıb, problem cəza ilə həll olunmayacaq
Sosial şəbəkələrdə mənfi yüklü görüntülərin qarşısının alınmasına hər nə qədər çalışılsa da, müsbət nəticə hələ də yoxdur. Dar dünyagörüşlü şəxslər təki baxış sayı çox olsun deyə hər cür hərzə-hədyan dolu videolar paylaşırlar. Bu cür paylaşımlar yeniyetmələr tərəfindən edilirsə, üstəlik də bunu edən məktəblilərdisə daha da bərbad xarakter alır. Bu günlərdə Gəncə şəhəri Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbdə şagirdlərin aqressib davranışının görüntüləndiyi video yayılıb. Gencexeber.az-ın məlumatına görə, təhsil müəssisəsinin yuxarı sinif şagirdləri sinif otağında divardan asılmış şəkilləri yumruqla sındırmaq həvəsinə üşüb və bu hərəkətlərini videoya çəkərək paylaşıblar. Məktəbin sinif otağının qapısının təpiklənərək əzik-əzik edildiyi də görünür. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. Aidiyyəti qurumun mövqeyi hələ açıqlanmayıb.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, Gəncə şəhərində baş vermiş məlum hadisə, əslində, təkcə bir məktəbin daxili intizam qaydalarının pozulması deyil, bütövlükdə cəmiyyətimizdə şagird-məktəb münasibətlərinin, eləcə də mənəvi dəyərlərə baxışın hansı nöqtədə olduğunu göstərən siqnaldır:
- Şagirdlərin sinif otağındakı estetik əhəmiyyət kəsb edən şəkilləri sındırması, məktəb əmlakına qarşı aqressiv davranış nümayiş etdirməsi hər şeydən öncə təhsil ocağına qarşı hörmət hissinin zəifləməsindən xəbər verir. Məktəb sadəcə divarlar və qapılardan ibarət bina deyil, bura biliklə yanaşı, həm də davranış modellərinin formalaşdığı müqəddəs bir məkandır və bu məkanda törədilən hər bir vandalizm hərəkəti təhsilin ali məqsədlərinə zərbə vurur.
Ekspert qeyd etdi ki, bu məsələyə yanaşarkən yalnız şagirdlərin cəzalandırılması ilə kifayətlənmək problemi kökündən həll etməyəcək, çünki burada psixoloji və sosioloji faktorlar ön plandadır:
- Yuxarı sinif şagirdləri arasında bu növ davranışların kökündə bəzən özünü təsdiq etmək, diqqət çəkmək və ya daxili aqressiyanı yanlış ünvana yönəltmək meylləri dayanır. Biz təhsil ictimaiyyəti olaraq hər zaman vurğulayırıq ki, tərbiyə prosesi məktəblə ailənin sıx əməkdaşlığı üzərində qurulmalıdır; əgər gənc bir fərd dövlətin əmlakına, məktəbin müqəddəsliyinə qarşı əl qaldırırsa, deməli, onun mənəvi dəyərlər sistemində ciddi boşluqlar yaranıb.
Ə.Həsənli vurğuladı ki, məktəb rəhbərliyi və müəllim heyəti bu kimi halların qarşısını almaq üçün təkcə inzibati deyil, həm də preventiv addımlar atmalıdır. Şagirdlərdə məsuliyyət hissini aşılamaq üçün onlara məktəbi öz doğma evləri kimi hiss etdirəcək mühit yaradılmalı, psixoloji xidmətin işi daha effektiv qurulmalıdır:
- Eyni zamanda, baş vermiş hadisə geniş ictimaiyyət tərəfindən düzgün təhlil olunmalı, gənclərə izah edilməlidir ki, fiziki gücün obyekti cansız əşyalar və ya dövlət rəmzləri deyil, quruculuq və inkişaf olmalıdır. Bu hadisə hər birimiz üçün bir çağırışdır ki, biz gələcəyimiz olan gənclərin təhsil göstəriciləri ilə yanaşı, onların vətəndaşlıq mövqeyinin və əxlaqi keyfiyyətlərinin formalaşmasına daha çox enerji sərf etməliyik.