Göstəricilər aşağıdır:“Məktəb direktorlarının monitorinqi aparılsın"

“Keyfiyyət istəyiriksə, qısa müddətdə müəyyən təlimlərdən keçmiş şəxsləri məktəblərə direktor vəzifəsinə gətirməliyik”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, bu il Bakı şəhəri üzrə 40-a yaxın məktəbə direktor vəzifəsinə vakant yer çıxarılıb.
İdarə müdiri qeyd edib ki, hazırda Təhsil Nazirliyi tərəfindən direktorların işə qəbulu müsabiqəsi davam edir:“Güman edirik ki, bu müsabiqələr vasitəsilə vakant yerlərin hamısına direktor təyin edə biləcəyik”.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov direktor təyinatının gecikmə səbəblərini “Sherg.az”a sadalayıb.
Ekspert bildirib ki, 2016-ci ildən etibarən ölkəmizdə direktor vəzifəsinə işə qəbul mərkəzləşmiş qaydada həyata keçirilir:

“İmtahan iştirakçıları bir neçə mərhələli imtahandan keçdikdən sonra işə qəbul edilirlər. Bu, sistemin kifayət qədər şəffaflaşmasına xidmət edən amildir. Yəni kənar müdaxilə olmadan insanlar sosial platforma ilə işə qəbul edilə bilirlər. Bunlar müsbət hal olsa da, təəssüf ki, hər il şəffaf yollarla məktəblərə işə qəbul edilən şəxslər vəzifə öhdəliklərini yerinə yetirə bilmirlər. Sistemin şəffaf və obyektiv olması təhsildə korrupsiya və rüşvətin aradan qalxmasına gətirib çıxarır. Buna baxmayaraq, şəffaf yollarla işə qəbul olanların böyük qismi onlara olan etimadı doğrultmur”.

K.Əsədov qeyd edib ki, hazırda Bakı və regionlarda 700-dən çox məktəbdə direktor vəzifəsi üçün vakant yer var:

“Bunun əsas səbəbi həmin məktəblərdən çalışan direktorların yaşının 65 olduğu üçün müqaviləsinə xitam verilməsi, bir çoxlarının isə vəzifə öhdəliklərini yerinə yetirmədikləri üçün uzaqlaşdırılmasıdır.

Əslində 40 nəfər daimi əsaslarla işləyən direktor yoxdur, lakin onları əvəz edənlər var. Təbii ki, əvəzedici kadrlar daimi direktor olmadığı üçün məktəblərdə keyfiyyətin artmasında maraqlı olmurlar.

Hesab edirəm ki, mütləq şəkildə orta ümumtəhsil məktəblərində keyfiyyətin artırılmasında maraqlı olmalıyıq.

Ona görə də məktəblərə qısa müddət ərzində əvvəlki illlərdə müsahibədən keçmiş və ehtiyat kadrda olan direktorlar təyin edilməlidir. Digər tərəfdən təkcə direktor vəzifəsini təyin etmək yox, sonradan onların fəaliyyətinin monitorinqi aparılmalıdır.

Çünki “Abituriyent-12” jurnalına baxanda görürük ki, bir çox məktəbin qəbul və buraxılış imtahanı göstəriciləri aşağıdır. Bunun da əsas səbəbi məktəblərə nəzarət mexanizmlərinin aşağı səviyyədə olmasıdır.

Hesab edirəm ki, keyfiyyət istəyiriksə, qısa müddətdə müəyyən təlimlərdən keçmiş şəxsləri məktəblərə direktor vəzifəsinə gətirməliyik”.