Gürcüstanın ali məktəblərində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 896 nəfərdir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin 2025-2026-ci tədris ili üzrə hesabatında bildirilib.
Əvvəlki tədris ili ilə müqayisədə qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 36 nəfər artıb. Onların 407-si dövlət, 489-ü isə özəl universitetlərin tələbələridir. Dövlət institutlarında təhsil alan Azərbaycan vətəndaşlarının 163-ü qadın, 244-ü kişi, özəl ali məktəblərdə təhsil alan vətəndaşlarımızın isə 95-i qadın, 394-ü kişidir.
Qonşu ölkənin universitetlərində təhsil alan əcnəbilərin ümumi sayı isə 44 440 nəfərdir ki, bu da əvvəlki tədris ili ilə müqayisədə 7 315 nəfər çoxdur. Onların böyük əskəriyyəti 36 895 nəfər olmaqla özəl ali məktəblərin tələbələridir.
Gürcüstanda doktorluq elmi dərəcəsinin alınması üçün isə 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər Azərbaycan vətəndaşı çalışır.
Qeyd edək ki, Gürcüstanda 19-u dövlət, 45-i özəl olmaqla 64 ali məktəb fəaliyyət göstərir. Onların 64,1%-i Tbilisidə yerləşir.