“Kampus modeli uğurun açarıdır” - Ekspertdən ali məktəblərlə bağlı yeni təklif

“Mərkəzdən köçürülən universitetlər daha güclü olacaq”

Ali məktəblərin kampus problemi gündəmə gəlib yenə. Belə mülahizələr var ki tələbə dərsdən çıxıb dönərxana, kafe, mobil telefon, parfümeriya mağazaları, Azərsell, Nar, Baksell filialları, rəsmi diler mərkəzləri və hər cür xəm-xırd satışı edən köşklər əhatəsinə düşürsə, bu, onu elmdən uzaqlaşdırır, mühazirədə dinlədikləri də arxa plana keçir. Bakı Dövlət Universitetinin yolunda hər cür iaşə obyektləri var, eləcə də digər ali məktəblərin. Getdikcə də sayları artır. Kampuslar tələbələrin həyatında həqiqətənmi aparıcı rola malikdir? Yəni, tələbə kitabxana, elmi-tədqiqat laboratoriyası, yataqxana və tələbələrə məxsus yeməkxana əhatəsində olmalıdır, yoxsa iaşə obyektərinin. Qeyd edək ki, ali təhsil müəssisələrinin nisbətən təcrid halda olması fikri mütəxəssislər tərəfindən daha çox dəstəklənir. 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında bildirdi ki, kampus vacibdir: 

- Kampus tipli 3 ali təhsil müəssisəsinin adın çəkı bilrik. Bunlar Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Bakı Mühəndislik Universiteti. Bu ali məktəblərin tələbələrinin akademik göstəriciləri digərlərinə nisbətən daha yüksək olur. Kampusun üstünlüyü beynəlxalq arenaya baxdıqda da müşahidə olunur, yüksək reytinqə malik ali təhisl müəssisələri məhz kampuslara malik olanlardır. Kampusun üstünlüyü çoxdur. Tələbələr tədris prosesindən sonra yenə də universitet daxilində qalır. Tələbə yataqxanasında yaşayır, həmçinin asudə vaxtlarını da kampus daxilində keçirirlər. Yeməkxana, kitabxana, idman-əyləncə zalları var. Belə olduqda tələbələr kənar istiqamətə yönəlmir. Bu da onların həm təhsil alan tələbələrlə münasibətlərinin daha düzgün, səmimi dostluq mühitində qurulmasına, eyni zamanda ixtisasla bağlı bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat işlərinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu üstünlükləri nəzərə alaraq daha çox tələbə kontingentinə sahib ali məktəblərin mərkəzdən kənara köçürülməklə yeni, geniş ərazidə kampuslarını yaratmaq təklifi irəli sürülür. Belə olarsa tələbələrin akademik göstərciləri də yüksələr. Tələbə vaxtının çoxunu universitet daxilində keçirməlidir.

E.Əfəndi bildirdi ki, ölkəmizdə xüsusi təynatlı ali təhsil müəssisələri də var (Milli Aviasiya Akademiyası, Dövlət Təhlükəsizliyi Xidməti Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası), bu müəsssələri kampus kimi dəyərləndirmək olar. Çünki bir ərazidə həm tədris korpusu, həm də tələbələr, müdavimlər üçün yataqxana, yeməkxana və digər infrastruktur yerləşir.