2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universitetində Türkiyə və Qazaxıstanın ali təhsil müəssisələrinə qəbul olunan tələbələrlə bağlı təqdimat mərasimi keçirilib. Tədbir çərçivəsində beynəlxalq mübadilə proqramı üzrə seçilmiş tələbələrə təyyarə biletləri təqdim olunub, onlara gələcək təhsil fəaliyyətlərində uğurlar və akademik yüksəlişlərinin davamlı olması arzulanıb.
Təqdimat mərasimi universitetin akt zalında Milli Məclisin deputatı Ceyhun Məmmədov və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın iştirakı ilə təşkil olunan “Zirvəyə doğru” Təqaüd, Beynəlxalq Təhsil və Elmi İnnovasiyalar Platformasının təqdimatı çərçivəsində baş tutub. Tədbirdə universitet rəhbərliyi, akademik-inzibati heyət üzvləri, tələbə və magistrantlar, eləcə də Mingəçevir məktəbliləri iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin 10 tələbəsi “Orhun Mübadilə Proqramı” çərçivəsində Türkiyə və Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunub. Bu münasibətlə tələbələrə beynəlxalq akademik mühitə rahat inteqrasiyalarını təmin etmək məqsədilə gediş biletləri təqdim edilib.
Belə ki, MDU-nun tələbələrindən Nurlana Mahmudova Qazaxıstanın Buketov adına Karaqanda Milli Tədqiqat Universitetinə, Türkiyənin İstanbul Ticarət Universitetinə Vüsalə Əliyeva, Fırat Universitetinə Nəzrin İbrahimova, Şəms İbrahimova, Mələk Yusibova, Gültac Xəlilli və Leyla Əliyeva, Ege Universitetinə Yusif Ələkbərov və Fidan Məmmədli, Karaman Mehmetbey Universitetinə isə Sərxan İsmayılov qəbul alıb. Onlar 2025/2026-cı tədris ilinin yaz semestrində qəbul aldıqları universitetlərdə öz təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti beynəlxalq mübadilə proqramları vasitəsilə tələbələrin qlobal təhsil məkanına inteqrasiyasını dəstəkləyir və bu istiqamətdə tərəfdaş universitetlərlə əməkdaşlığını davamlı şəkildə genişləndirir.