Müəllim hazırlığı hələ zəifdir: Kənd və şəhər arasında böyük fərq qalır

Azərbaycanda məktəbəqədər təhsil hələ beynəlxalq standartlara çatmayıb 
Bu il Azərbaycanda 1-5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatələnməsi rekord həddə çatıb. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, artıq bu yaş qrupunun 40 faizi təhsil müəssisələrinə cəlb olunub, bu da ölkədə məktəbəqədər təhsilin inkişafında mühüm nailiyyət hesab olunur.
Nazirin açıqlamasını şərh edən ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov Sherg.az-a bildirib ki, Azərbaycanda məktəbəqədər təhsilə cəlb olunma göstəricisinin 40 faizə çatması mühüm irəliləyiş olsa da, təhlil göstərir ki, bu rəqəm hələ də beynəlxalq standartlara uyğun hesab edilə bilməz:
"Çünki UNESCO və UNICEF kimi beynəlxalq qurumların müəyyən etdiyi hədəflərə görə məktəbəqədər təhsilin əhatəlilik səviyyəsi minimum 70–80 faiz olmalıdır. Məsələn, Avropa İttifaqı ölkələrində məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 85 faizdən yuxarıdır, Skandinaviya ölkələrində isə 95 faizi keçir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə Azərbaycanda 1–5 yaşlı uşaqların sayı 650 min nəfərə yaxın olub, onların yalnız 260 minə qədəri bağçaya və ya məktəbəhazırlıq qruplarına cəlb edilib. Bu isə ümumi kütlənin hələ də böyük hissəsinin məktəbəqədər təhsildən kənarda qalması deməkdir. “Təhsil haqqında” Qanunun 14-cü maddəsində məktəbəqədər təhsilin uşaqların fiziki və psixoloji inkişafında əhəmiyyətli pillə olduğu açıq şəkildə qeyd olunur. Həmçinin həmin maddədə göstərilir ki, dövlət bu sahədə bərabər imkanların yaradılmasına təminat verir. Əslində, son illərdə Elm və Təhsil Nazirliyi bu istiqamətdə bir sıra addımlar atıb. 2017-ci ildən etibarən 5 yaşlı uşaqlar üçün məktəbəhazırlıq proqramı həyata keçirilir və əhatə dairəsi 90 faizə yaxınlaşıb. Bu, çox müsbət göstəricidir və uşaqların ibtidai siniflərə hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırıb. Bundan başqa, yeni bağçaların istifadəyə verilməsi, mövcud bağçaların əsaslı təmiri, özəl sektorun bu sahəyə marağının artması da təhsilin əhatəliliyinə müsbət təsir göstərir.
Amma mənfi tərəf ondan ibarətdir ki, regionlar arasında ciddi fərqlər qalmaqdadır. Bakı və iri şəhərlərdə uşaqların əhəmiyyətli hissəsi bağçalara gedə bildiyi halda, kənd rayonlarında bu imkan məhduddur. Dövlət Statistika Komitəsinin bölgələr üzrə rəqəmlərinə görə, bəzi rayonlarda əhatə göstəricisi cəmi 15–20 faiz təşkil edir. Bu isə sosial bərabərsizliyi dərinləşdirir və sonrakı mərhələdə təhsil nəticələrində fərqlərin yaranmasına gətirib çıxarır. Digər problem isə məktəbəqədər müəssisələrdə müəllimlərin hazırlıq səviyyəsidir. Çünki “Təhsil haqqında” Qanunun 23-cü maddəsində müəllimlərin peşəkarlığının artırılması dövlətin əsas öhdəliklərindən biri kimi göstərilsə də, məktəbəqədər sahədə çalışan pedaqoqlar üçün ixtisasartırma proqramları kifayət qədər geniş deyil”.
Dünya təcrübəsinə istinad edən K.Əsədov deyib ki, məktəbəqədər təhsildən keçən uşaqlar sonrakı pillələrdə daha yüksək nəticə göstərirlər. OECD ölkələrinin araşdırmalarına görə, məktəbəqədər təhsil almış uşaqlar ibtidai siniflərdə oxu və riyaziyyat bacarıqlarında 20–30 faiz üstün nəticə göstərirlər:
 “ABŞ-də “Head Start” proqramı, Türkiyədə “Okul Öncesi Egitim Seferberligi” və Finlandiyada tam dövlət dəstəyi bu sahədə uğurlu modellərdir. Bu ölkələrdə məktəbəqədər təhsil yalnız sosial xidmət kimi deyil, həm də ümumi təhsil keyfiyyətinin strateji təminatçısı kimi qiymətləndirilir. Azərbaycanda hazırda görülən tədbirlərin gələcək təsiri müsbət olacaq. Məktəbəqədər təhsilə cəlb olunmuş uşaqlar məktəbə daha hazırlıqlı gedəcək, müəllimlərin yükü azalacaq, uşaqların sosiallaşması daha rahat olacaq. Bu həm də ümumi təhsil sistemində nəticələrin yaxşılaşmasına, repetitorluğa ehtiyacın azalmasına və təhsildən yayınma hallarının qarşısının alınmasına kömək edəcək. Əgər əhatəlilik 60–70 faizə qədər yüksəldilsə, ölkənin ümumi təhsil göstəriciləri də beynəlxalq müqayisələrdə daha əlverişli mövqeyə yüksələcək. Beləliklə, nəticə çıxarmaq olar ki, məktəbəqədər təhsildə əldə olunan 40 faizlik əhatəlilik real irəliləyişdir və Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki fəaliyyəti müsbət qiymətləndirilməlidir. Nazirliyin ardıcıl proqramları, yeni bağçaların açılması, hazırlıq qruplarının genişləndirilməsi təqdirəlayiqdir. Lakin beynəlxalq standartlarla müqayisədə hələ görüləsi işlər çoxdur: kənd və şəhər arasındakı fərqin azaldılması, müəllimlərin peşəkarlığının artırılması, maliyyələşmənin gücləndirilməsi və bütün uşaqlar üçün bərabər imkanların təmin olunması bu sahədə əsas prioritet olmalıdır. Nazirliyin hazırkı fəaliyyəti doğru istiqamətdədir və gələcəkdə bu sahədə daha sistemli addımlar atılacağı təqdirdə, məktəbəqədər təhsil ölkənin ümumi təhsil sisteminin möhkəmlənməsində strateji rol oynayacaq”.