“Regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin səviyyəsi ilə bağlı müzakirələrdə ifrata varmaq düzgün olmaz. Bu gün Qarabağ Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları, eləcə də İqtisad Universitetinin region filialları ən azından normal və stabil fəaliyyət göstərən ali təhsil müəssisələri kimi dəyərləndirilə bilər. Bu universitetlər müəyyən ixtisaslar üzrə kadr hazırlığını təmin edir, regionun təhsil ehtiyaclarını qarşılayır və ali təhsilin əlçatanlığında mühüm rol oynayır”.
Bu fikirlər Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənliyə məxsusdur. Ə.Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, gənclərin paytaxt ali təhsil müəssisələrində təhsil almağa üstünlük verməsinin əsaslı səbəbləri var: 
- Lakin etiraf etmək lazımdır ki, əsas problem “normal fəaliyyət”lə “rəqabətqabiliyyətli universitet” anlayışları arasındakı fərqdən qaynaqlanır. Region universitetlərinin bir qismi baza funksiyanı yerinə yetirsə də, elmi-tədqiqat, innovasiya, beynəlxalq əməkdaşlıq və əmək bazarı ilə real inteqrasiya baxımından hələ də paytaxt ali məktəbləri ilə eyni səviyyədə deyil. Gənclərin Bakıya üz tutmasının əsas səbəbi də məhz bu fərqdir. Paytaxt universitetləri tələbələrə təkcə təhsil deyil, daha geniş akademik mühit, karyera imkanları, müxtəlif layihələr və peşəkar şəbəkələşmə təqdim edir. Region universitetlərində isə bu imkanlar ya məhduddur, ya da sistemli xarakter daşımır. Bu vəziyyət gəncin seçimində təbii olaraq təsirli olur.
Vacib məqam ondan ibarətdir ki, region universitetlərinin zəifliyini region gənclərinin səviyyəsi ilə əlaqələndirmək düzgün yanaşma deyil. Regionlarda kifayət qədər savadlı və potensiallı gənclər var. Məsələ onların bu potensialı tam reallaşdıra biləcəyi akademik mühitin hər yerdə eyni səviyyədə formalaşmamasıdır.
Nəticə etibarilə, region ali təhsil müəssisələri bu gün “qənaətbəxş” səviyyədə fəaliyyət göstərsə də, gəncləri paytaxtdan regiona cəlb edəcək güclü cazibə mərkəzinə çevrilməsi üçün daha dərin və sistemli islahatlara ehtiyac var. Bu istiqamətdə atılacaq addımlar regionların təhsil baxımından güclənməsinə, paytaxta axının isə təbii şəkildə balanslaşmasına xidmət edəcək.