Gürcüstan Təhsil və Elm Nazirliyi “Ümumi təhsil haqqında” qanunda dəyişiklik layihəsi təqdim edib. Layihəyə görə, əmək müqaviləsi şagirdə qarşı zorakılıq səbəbindən dayandırılan müəllim və ya məktəbin digər əməkdaşları 3 il müddətinə ümumi təhsil müəssisələrində işə düzəlmək hüququndan məhrum ediləcəklər.
24News.ge xəbər verir ki, hazırkı qanuna görə, zorakılıq səbəbindən məktəbdən azad edilən müəllim digər məktəblərdə işləməyə məhdudiyyətsiz davam edə bilər.
Nazirliyin açıqlamasına görə, şagirdə qarşı fiziki zorakılıq müəllimin peşə etikası və məktəb qaydalarının ciddi pozulması sayılır və dərhal məktəb mühitinə qaytarılması şagirdlərin təhlükəsizliyinə risk yaradır.
3 illik məhdudiyyətin cəza deyil, profilaktik xarakter daşıdığı vurğulanır. Məqsəd oxşar halların qarşısını almaq və müəllimlərə davranışlarını düzəltmək, peşəkar məsuliyyəti dərk etmək imkanı yaratmaqdır.
Nazirlik bildirir ki, bu yanaşma beynəlxalq təcrübəyə uyğundur və uşaqların hüquqlarının qorunması üçün effektiv mexanizmdir.