“Azərbaycanda pedaqoji təhsil ixtisasını kifayət qədər şəxs bitirir, ancaq onların işlə təminatında ciddi problem var”
“Müəllimlərin işə qəbul imtahanında iştirak edən 60 min insandan yalnız 8 mini vakant yerlərə qəbul ola biləcək”
Təhsil naziri Emin Əmrullayev müəllimlər üçün vakansiyaların gizlədilməsi barədə vaxtaşırı sosial şəbəkədə yayılan söhbətləri şərh edib. O, vətəndaşları belə hallarla bağlı Nazirliyi məlumatlandırmağa çağırıb.
"Təhsil Nazirliyi vakansiyaları hər zaman göstərir və bu çap ediləcək. Əgər düşünürsünüz ki, kimsə hansısa vakansiyalarla bağlı məlumatları gizlədir, onda həmin məlumatları bizə göndərə bilərsiniz".
E.Əmrullayev bildirib ki, vakant yerlərin sayını hər il artırmaq mümkündür:
"Vakansiyalar fənlər üzrə də fərqlənə bilər. Əvvəllər birinci sinfə şagird qəbulu çox olsa da, bu gün bu göstərici aşağı düşür. Ona görə də ola bilsin ki, növbəti illərdə ibtidai siniflər üzrə vakansiya sayı aşağı düşə bilər".
Nazirin sözlərinə görə, müəllim olmaq istəyən namizədlərin heç də hamısı işsiz deyil. Bununla belə, hamının Bakıda işləmək arzusunu da yerinə yetirmək imkansızdır:
"Bizi də başa düşmək lazımdır ki, hamını Bakıda işə götürə bilmərik. Kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır”.
Mövzu barədə “Sherg.az”a açıqlama verən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil ekspert Kamran Əsədov vurğulayıb ki, ən çox müəllim sıxlığı Bakıdakı orta ümumtəhsil məktəblərindədir:
“Bakı şəhərində 320 orta məktəb var. Ölkəmizdəki 1.6 milyon şagirdin 440 mini paytaxt Bakıdadır. Bölgədə hər 12 şagirdə 1 müəllim düşürsə, Bakı şəhərində 9, bəzən 8 şagirdə 1 müəllim düşür. Bu, müsbət tendensiyadır.
Lakin etiraf edək ki, bu gün Azərbaycanda pedaqoji təhsil ixtisasını kifayət qədər şəxs bitirir, ancaq onların işlə təminatında ciddi problem var.
Bu il müəllimlərin işə qəbul imtahanında iştirak edən 60 min insandan yalnız 8 mini vakant yerlərə qəbul ola biləcək. 50 mindən çox ali təhsilli şəxs isə işsiz qalacaq”.
Ekspertin fikrincə, müəllimlərin işə qəbulu ilə bağlı vakant yer probleminin aradan qaldırılması üçün özəl lisey və gimnaziyaların fəaliyyətinə daha geniş yer verməliyik:
“Yəni dövlət öz yükünü azaltmalıdır. Məsələn, təkcə İstanbulda 7 min məktəb var, onun 3500-ü özəl, 3500-ü isə dövlət məktəbidir. Yəni burada bərabərlik prinsipi var. Dövlət yükünü azaldır, əvəzində isə məktəblərin özünün fəaliyyət göstərməsinə şərait yaradır. Fikrimcə, Azərbaycan da bu məsələdə mütərəqqi addımı atmalıdır. Yəni dövlət məktəblərimizin yükündən azad olmalıyıq, bu dövlət büdcəsinə də kifayət qədər köməkdir.
Nə qədər çox özəl məktəb olarsa, müəllimlərin işlə təmin olunmasına, təhsilin keyfiyyətinin artmasına ciddi təsir göstərəcək”