“Bu sistem dəyişməsə, yüzlərlə istedadlı gənc itiriləcək”
Dövlət İmtahan Mərkəzi martın 9-da 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Ötən gün isə test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb. Gün keçdikcə universitetə hazırlaşan şagirdlərin sayı artsa da, imtahanın nəticələrində geriləmə müşahidə olunur.
Məktəblərdə verilən təhsilin keyfiyyətinin aşağı olması, valideynləri övladlarını, repetitor yanına yönəltməyə vadar edir. Buna baxmayaraq, abituriyentlərin çoxu, imtahan suallarının çətinliyindən şikayətlənir.
Əgər reptitor yanına gedən abituriyentlər belə, sualları yazmaqda çətinlik çəkirsə, problem nədədir?
Siyasi şərhçi Azər Niftiyev Sherg.az-a bildirib ki, DİM-in keçirdiyi imtahanın nəticəsi göz qabağındadır:
“Abituriyentlərin böyük əksəriyyəti imtahanın çətin olduğundan gileylənir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sabiq sədri Şahlar Əsgərov dəfələrlə həyəcan təbili çalırdı ki, universitetlər qəbul qapısını açıq, çıxış qapısını bağlı saxlamalı, gənclərə “yaşıl işıq” yandırmalıdır. Tələbənin universiteti təhsil aldığı sahədə mütəxəssis səviyyəsinə çatmadan başa vurması, çətinləşdirilməlidir. Hazırda dünya təcrübəsində bu metoddan geniş istifadə edilir. kifayət qədər uğurlu nəticələri də var. Azərbaycanda isə sistem tamamilə fərqlidir”.
A.Niftiyevin sözlərinə görə orta məktəblər şagirdləri dərsə gəlməyə məcbur etsələr də, onları universitet səviyyəsində hazırlaya bilmirlər:
“Valideynlər sosial statusundan asılı olmayaraq hər ay təhsilə yüzlərlə manat xərcləyir. Ayda 1000 manat qazanan ailə, bunun yarısını repetitora yönəldir. Ona görə də, abituriyentlər günün böyük hissəsini repetitorların yanında keçirirlər. Bu gün repetitorluq ölkədə ən gəlirli sahələrdən birinə çevrilib. Təhsil sistemi bazar və pul oyunu prinsipləri ilə idarə olunur. Gün keçdikcə artan sosial bərabərsizlik gənclərin gələcəyinə balta vurur. DİM abituriyentlərin başını qarışdırmaq, onları stress və həyəcan altında saxlamaqla məşğuldur. Utanmırsınız? Universitetlər mütəxəssis yetişdirməli, yoxsa diplom paylamalıdır? Əslində, bu suallara valideynlərlə yanaşı, bütün cəmiyyət cavab gözləyir. Əgər geydirmə sistem dəyişməzsə, yüzlərlə istedadlı gənc, “imtahan stressi”nin qurbanına çevriləcək”.