Təhsilimizin “pandemiya sınağı”: Nəticələr aşağıdır, amma... 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 27-28 iyul 2021-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 11 nəfər abituriyent göstərib.
Sumqayıt şəhəri 11 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə 697,1 bal toplayıb və bu nəticə I ixtisas qrupu üzrə ən yüksək baldır.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 400 bal toplayan 2 nəfər – Cəbrayıl rayonu Sirik kənd orta məktəbi və Quba rayonu Rustov kənd orta məktəbinin məzunları göstəriblər.

Nəticələrlə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, ötən illərlə müqayisədə bu il 700 bal toplayan abituriyent olmadı:

“Düzdür, 700 bal yığanların olması ümumi təhsilin göstəricisi ola bilməz. Amma 600-dən yuxarı bal toplayan abituriyentlərin sayında da kifayət qədər azalma var. Son 2 ildən imtahan nəticələrində müəyyən qədər aşağı göstəricilərin şahidi oluruq.

Bunun da birbaş səbəbi pandemiya ilə əlaqədar olaraq şagirdlərin ciddi şəkildə hazırlaşa bilməməsidir.

Şagirdlər məktəbdən, dərslərdən uzaq qalmaqla müvafiq olaraq müəyyən mövzulara tam dərinliyi ilə sahiblənə bilmədilər.

Nəticədə orta ümumtəhsil məktəbində nəticələrin aşağı olması, buraxılış imtahanlarında yüksək nəticələrin qeydə alınmaması, həmçinin ali  təhsilə qəbulda çox yüksək nəticələrin olmaması onu deməkəyə əsas verir ki, yenidən ənənəvi təhsilə qayıtmalıyıq. Əks halda pandemiya təhsilə öz təsirini göstərməyə davam edəcək.

Bütün bunlar onu deməyə əsas verir ki, nöbvəti tədris ili ənənəvi qaydada başlamalıdır. Düzdür, şagirdlər pandemiya dövründən üzü ağa çıxa bildilər.

Bir var nəticələr tamamilə aşağı olsun, bir də var ki, ən azı orta və yaxud yüksək səviyyəyə bir qədər yaxın nəticələr əldə edilsin.
İmtahan nəticələri pandemiya dövrü üçün qənaətbəxş hesab oluna bilər, ancaq ümumi göstərici baxımından qaneedici nəticələr deyil”.