Böyük Britaniyanın Baş naziri Keir Starmer 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişinin qadağan ediləcəyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Starmer bu qərarın uşaqların təhlükəsizliyinin və rifahının qorunmasına xidmət etdiyini bildirib.
Baş nazir qeyd edib ki, hökumət məsələ ilə bağlı müxtəlif tərəflərin, o cümlədən sosial medianın mənfi təsirlərindən zərər çəkmiş ailələrin fikirlərini nəzərə alıb.
“Sosial medianın həm faydaları, həm də zərərləri var. Lakin mən hesab edirəm ki, tam qadağa ən doğru seçimdir. İstədiyim yeganə şey uşaqlarımın xoşbəxtliyi və təhlükəsizliyidir”, - deyə Starmer vurğulayıb.
O əlavə edib ki, hökumət oyun və yayım platformalarında yad şəxslərin uşaqlara mesaj göndərməsinin qarşısını almaq üçün də əlavə tədbirlər görəcək.
Baş nazir valideynlərin bu qərarı dəstəkləyəcəyinə inandığını bildirib və sosial medianın uşaqlar üçün təhlükəsiz mühit yaratdığına dair təsəvvürlərlə mübarizə aparmağın vacibliyini qeyd edib.