İnternet sürətində sıçrayış gözlənilir

 100 Mbit/s istifadəçiləri daha yüksək tariflərə keçəcək

Azərbaycanda median sürətin 200 Mbit/s-in altında qalması narahatlıq doğurur. Mütəxəssislər hesab edir ki, median sürətin dəyişməsi labüddür. İnternet istifadəçilərinin gözləntisi məhz budur. İnformasiya-kommunikasiya msəələləri üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu məsələyə bir dəfə toxunulub artıq:

- 2005–2012-ci illərdə ADSL texnologiyası geniş yayılmışdı və istifadəçilərin böyük hissəsi 512 Kbit/s – 1 Mbit/s aralığında sürətlərlə internetə qoşulurdu. Həmin dövrdə internet istifadəsi əsasən sayt baxışı, e-poçt və sadə mesajlaşma ilə məhdudlaşdığı üçün 1 Mbit/s kifayət qədər rahat təcrübə təqdim edirdi. Lakin sonrakı dövrdə video streaming, sosial media və bulud əsaslı xidmətlərin sürətli inkişafı bu sürət standartını qısa müddətdə köhnəlmiş səviyyəyə endirdi və istifadəçi gözləntilərini kəskin şəkildə dəyişdirdi. Məhz bu transformasiyanın nəticəsi olaraq, bir zamanlar ən geniş yayılmış seçim sayılan 30–50 Mbit/s aralığındakı paketlər də artıq keçid mərhələsinə çevrilib və abunəçilər daha yüksək sürətli tariflərə miqrasiya ediblər. Hazırda ölkədəki genişzolaqlı internet abunəçilərinin 65%-i, yəni 1,5 milyonu 100 Mbit/s ilə 1 Gbit/s arasında sürət paketlərindən istifadə edir. 1 Gbit/s və üzəri paket istifadəçilərinin sayı isə 2023–2025-ci illər ərzində 22 dəfə artıb. Başqa sözlə, bazarda istifadəçilər tərəfindən formalaşan aydın bir “gizli tələb” mövcuddur, lakin bu tələbi tam qarşılayacaq “sərfəli təkliflərin” həcmi hələ də kifayət qədər deyil.

Mütəxəssis hesab edir ki, median sürətin 200 Mbit/s-ə çatması üçün provayderlər qurduqları GPON infrastrukturunun imkanlarından daha səmərəli istifadə etməli, 100 Mbit/s istifadəçilərinin ən azı 50%-nin 250 Mbit/s və daha yüksək sürətli, daha sərfəli paketlərə keçidini təşviq etməlidirlər.