Elman Sadıqov: “Mehriban Əliyevanın üç mesajı Azərbaycanın rəqəmsal inkişaf yol xəritəsini müəyyənləşdirir”
""Rəqəmsal İnkişaf Şurasının ilk iclasında birinci vitse-prezident Mehriban Əliyevanın 3 önəmli sitatı ciddi təhlillər tələb edir. Birinci sitat budur ki, "Biz yaranan risklərə hazır olmalıyıq"".
Bu sözləri Sherg.az-a açıqlamasında iqtisadçı Elman Sadıqov deyib.
Süni intellekt və texnoloji inkişafın bir sıra ölkələr üçün ciddi risklər formalaşdırdığını vurğulayan iqtisadçı hesab edir ki, bunlar təkcə hər gün mətbuatdan oxuduğumuz risklər deyil:

"Bu risklərin bir çoxu dövlətçilik, milli təhlükəsizlik, iqtisadi inkişaf və digər strateji istiqamətlər üzrədir. İndiyə qədər çeynənmiş klişe risklərdən əlavə digər strateji risklərin də müəyyənləşdirilib yumşaldılması üçün tədbirlərin görülməsi növbəti 3 ilin əsas prioritetlərindən biri olacaq! Digər sitat budur ki, "Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf sahəsində regionun liderinə çevirməkdir". Ortaya siyasi iradə qoyulub, vizyon müəyyən olunub. Səsləndirilən bu vizyonu gerçəkləşdirmək üçün düzgün strategiyanın müəyyən olunması doğru sualların qoyuluşundan keçir. 2022-ci ildə Özbəkistanda keçirilən beynəlxalq forumda iştirak edərkən yerli televiziya kanallarına verdiyim müsahibələrdə rəqəmsallaşmanın əsas prinsipləri ilə bağlı bir sıra sualları cavablandırmışdım. "Rəqəmsallaşma nədən başlayır?" sualına cavab olaraq vurğulamışdım ki, bu prosesin təməlində düzgün ekosistemin formalaşdırılması dayanır. "Düzgün ekosistemin qurulması üçün ilkin şərt nədir?" sualına isə cavabım belə olmuşdu ki, möhkəm təməlin yaradılması, data mədəniyyətinin formalaşdırılması, vahid məlumat reyestrlərinin qurulması və yalnız bundan sonra səmərəli inteqrasiyanın təmin edilməsi. Həmin müsahibələrdə rəqəmsallaşmanın ilk addımları, inteqrasiyanın əhatə dairəsi və hədəfləri, eləcə də bu sahənin inkişaf istiqamətləri barədə də ətraflı fikirlərimi bölüşmüşdüm".
İqtisadçı hesab edir ki, biz süni intellekt, rəqəmsallaşma və data mərkəzləri məsələlərində diqqətli olmalıyıq. O hesab edir ki, bunların hər bir ayrı-ayrı strateji yanaşma tələb edir, bir-birlərini ilkin deyil, son mərhələdə tamamlayır və tamamilə fərqli anlayışlardır:
" Bir də biz rəqəmsallaşma ilə rəqəmsal xidmətlərin də eyni çəkidə olmadığını nəzərə almalıyıq. Rəqəmsallaşma və xidmətlərin rəqəmsallaşması fərqli yanaşmalar tələb edir. Xidmətlərin rəqəmsallaşdırılması rəqəmsallaşmanın bir hissəsidir. Ən vacib məqam isə budur ki, data kültürü olmadan, datanı dərk etmədən, vacibliyini hiss etmədən bizim rəqəmsal inkişafda ciddi maneə və çətinliklərlə üzləşmək risklərimiz yüksəkdir. Üçüncü vacib sitata da toxunmaq istərdim. "Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır." Önəmli mesajdır. İqtisadiyyatda olduğu kimi bu sahədə də copy-paste yanaşması və ya bu məsələdə digər ölkələrin aktiv fazalarda cəlbi sonradan müəyyən fəsadlar yarada bilər. Biz ayrı-ayrı iqtisadiyyatlarda da bu fəsadları görürük. Biz bu sahədə nə ediriksə öz imkanlarımız, potensialımızla etməliyik. ABŞ, Çin başda olmaqla istisnasız olaraq bütün ölkələr, o cümlədən Türkiyə, Avropa ölkələri, Özbəkistan, Qazaxıstan, Ukrayna, Ermənistan, Gürcüstan, Baltikyanı və sair ölkələr bu sahədə müəyyən mərhələləri yalnız özləri öz milli maraqları çərçivəsində öz hesablarına həyata keçirirlər. Bu çox incə nüansdır".
E. Sadıqovun sözlərinə görə, ölkə Prezidentinin Fərmanı ilə yaradılmış bu Şura, Fərmanda qeyd olunan istiqamətlər, Şuranın iclasında Sədrin səsləndirdiyi fikirlər siyasi iradənin olduğunun bariz nümunəsidir:
"Siyasi iradənin olması icranın 50%-nin olması deməkdir. Qalan 50% düzgün icra isə qeyd olunan vizyonun gerçəkləşməsi üçün müəyyən olunacaq peşəkar yanaşma, strateji addım, taktika və hədəflərin düzgün seçimindən, yanaşma tərzlərindən və qurumlarda bu məsələlərin vəzifəsindən asılı olmayaraq hər kəs tərəfindən mənimsənilməsindən asılıdır. Düşünürəm ki, iclasda səsləndirilən mesajlar və qeyd etdiyim 3 sitat qoyulan tapşırıqları yerinə yetirərkən əsas strateji istiqamətlərə çevriləcək".