- “Əgər bu gün elm insan beyninin və insan şüurunun necə işləməsi barədə hələ bütün suallara cavab tapmayıbsa, necə ola bilər ki, insan özünü dərk edən süni beyin yaratsın?"
Süni intellektin imkanları ilə bağlı son illərdə səsləndirilən fikirlər və verilən proqnozlar cəmiyyətdə bu texnologiyanın potensialı barədə bəzən reallıqdan uzaq təsəvvürlər formalaşdırır.
Sherg.az xəbər verir ki, bunu Əbülfəz Elçibəyin prezidentliyi dövründə Dövlət Neft Şirkətinə rəhbərlik etmiş, uzun illər avtomatlaşdırılmış idarəetmə və layihələndirmə sistemlərinin yaradılması sahəsində çalışmış Sabit Bağırov deyib.
Onun sözlərinə görə, süni intellekt sistemləri müxtəlif sahələrdə kifayət qədər faydalı imkanlara malikdir:
“Artıq təxminən dörd ilə yaxındır ki, süni intellekt sistemlərindən müxtəlif məqsədlərlə istifadə edirəm. Müəyyən sahə üzrə bilik əldə etmək, arayış, məqalə, təqdimat, video çarx və digər materiallar hazırlamaq, hətta musiqi bəstələmək üçün süni intellekt sistemləri əla yardımçıdır. Lakin hesab edirəm ki, onların imkanları barədə müəyyən şişirtmələr də mövcuddur”.
Sabit Bağırov bildirib ki, onun bu qənaəti yalnız süni intellekt texnologiyalarını gündəlik izləməsinə deyil, uzun illər ərzində əldə etdiyi peşəkar təcrübəsinə də əsaslanır:
“Mən avtomatlaşdırılmış idarəetmə və layihələndirmə sistemlərinin yaradılması sahəsində 19 il çalışmışam. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Neft Maşınqayırma fakültəsini bitirdikdən sonra Ümumittifaq Elmi-Tədqiqat, Layihələndirmə və Texnologiyalar üzrə Neft Maşınqayırma İnstitutunda mühəndis-tədqiqatçı vəzifəsində işləmişəm. 1974-cü ilin əvvəlində isə həmin instituta ‘Hesablama texnikaları’ laboratoriyasının müdiri vəzifəsinə dəvət olunmuşam.
Sonralar şöbə müdiri, Neft Maşınqayırma Birliyinin Məlumat-Hesablama Mərkəzində layihələndirmə üzrə müdir müavini vəzifələrində çalışmışam. Həm Birliyin avtomatlaşdırılmış idarəetmə sistemlərinin, həm də onun tabe olduğu Ümumittifaq nazirliyin avtomatlaşdırılmış idarəetmə sisteminin alt sistemlərindən birinin yaradılmasına rəhbərlik etmişəm. Eyni zamanda neft avadanlıqlarının avtomatlaşdırılmış layihələndirmə sistemlərinin yaradılması ilə məşğul olmuşam”.
Onun fikrincə, süni intellekt sistemlərinin çox mürəkkəb nəticələr ortaya qoyması onların insan kimi müstəqil düşünməsi və şüurlu qərar qəbul etməsi anlamına gəlmir.
“Bütün süni intellekt sistemləri bu gün hələ də onların yaradıcıları tərəfindən müəyyən edilmiş alqoritmlərə və yazılmış proqram kodlarına əsaslanır. Əlbəttə, müasir sistemlər çox böyük həcmdə məlumatı emal edə, müxtəlif əlaqələri müəyyənləşdirə və insan üçün gözlənilməz nəticələr ortaya çıxara bilir. Lakin burada əsas rol yenə də insan tərəfindən yaradılmış texnologiyaya məxsusdur.
Məsələn, hansısa sistemin verdiyi qərarı ‘süni intellekt özü belə qərar qəbul etdi’ kimi izah etmək düzgün olmazdı. Əgər sistemdə səhv baş veribsə, ilk növbədə həmin sistemin alqoritmləri, proqram təminatı, texniki arxitekturası və onun hazırlanması zamanı insan tərəfindən verilmiş qərarlar araşdırılmalıdır”.
Sabit Bağırov son günlər ABŞ-də radar və aviasiya sistemləri ilə bağlı yayılan məlumatların da bu baxımdan diqqətlə araşdırılmalı olduğunu düşünür:
“ABŞ-də radar sistemlərinin fəaliyyətində problem yarandığı, nəticədə çoxsaylı uçuşların dayandırıldığı barədə məlumatlar yayılıb. Hadisənin səbəbləri sırasında rabitə sistemlərində nasazlıq və süni intellekt sistemlərinin düzgün işləməməsi kimi ehtimallar da səsləndirilir. Hətta sistemin özbaşına qərar qəbul etdiyi barədə fikirlər var. Lakin belə ciddi hadisələrdə səbəbi birbaşa süni intellektin ‘özbaşına qərarı’ ilə izah etməkdənsə, texniki sistemin bütün komponentlərini və insan amilini araşdırmaq lazımdır”.
Sabit Bağırov süni intellektin elmi problemləri həll etməsi ilə bağlı sensasion xəbərlərə də ehtiyatla yanaşmağın tərəfdarıdır.
“Bir müddət əvvəl, sentyabrın 8-də KİV-lərə məlumat sızmışdı ki, Clay Mathematics Institute tərəfindən 2000-ci ildə elan edilən ‘Minilliyin yeddi riyazi problemi’ndən biri olan Navye-Stoks tənliyi OpenAI şirkətinin yaratdığı 10 min süni intellekt agentininin birgə səyləri nəticəsində 88 saata həll edilib. Lakin bu həll hələlik həmin institut tərəfindən təsdiqlənməyib. Ona görə də belə məlumatlara elmi fakt kimi deyil, təsdiqini gözləyən iddia kimi yanaşmaq lazımdır”.
Onun sözlərinə görə, süni intellekt ətrafında yaranmış böyük marağın arxasında kommersiya amilləri də dayanır:
“Süni intellekt sistemlərini yaradan şirkətlərin kommersiya maraqlarını da nəzərə almaq lazımdır. Bu şirkətlərin bazar dəyərinin artması, böyük həcmdə investisiyaların cəlb edilməsi və yaxın perspektivdə IPO-larla bağlı gözləntilər texnologiyanın imkanlarının təqdim olunmasına təsir göstərə bilər. Məhz bu şişirtmələrin nəticəsi olaraq süni intellekt şirkətlərinə yüz milyardlarla dollar sərmayə axını müşahidə olunur. Artıq maliyyə köpüklərinin yaranması və bunun gələcəkdə qlobal maliyyə sisteminə təsir göstərə biləcəyi barədə ciddi mülahizələr səsləndirilir”.
Sabit Bağırov süni intellektin yaxın gələcəkdə insan beyni səviyyəsində yaradıcılığa və özünüdərkə malik olacağına da şübhə ilə yanaşır:
“Əgər bu gün elm insan beyninin və insan şüurunun necə işləməsi barədə hələ bütün suallara cavab tapmayıbsa, necə ola bilər ki, insan özünü dərk edən süni beyin yaratsın? Süni intellektin mətn, musiqi, görüntü və digər məzmun yaratması onun insan şüuruna malik olması demək deyil. Burada çox ciddi fərq var”.
O qeyd edib ki, texnologiyaların inkişafı gənclərin gələcək peşə seçimi ilə bağlı da müəyyən narahatlıqlar yaradır:
“Gələn il məktəbi bitirəcək nəvəmlə bağlı mənim tövsiyəm həmişə belə olub: seçdiyin sahə üzrə peşəkar ol. Yaxşı peşəkar işsiz qalmayacaq - istər riyaziyyatçı olsun, istər mühəndis, istərsə də santexnik. Texnologiyalar dəyişə bilər, bəzi peşələrin məzmunu dəyişə bilər, amma peşəkarlığın özü öz dəyərini itirməyəcək”.
Sabit Bağırovun fikrincə, süni intellektə münasibətdə əsas məsələ onu nə həddindən artıq ideallaşdırmaq, nə də imkanlarını tamamilə inkar etməkdir:
“Süni intellekt çox güclü vasitədir. Onun imkanlarından düzgün istifadə etmək lazımdır. Amma vasitə ilə insanı bir-birindən fərqləndirmək də vacibdir. Ən azı indiki mərhələdə bu texnologiyaların arxasında yenə insan zəkası, insan tərəfindən yaradılmış alqoritmlər və proqram təminatı dayanır”.