2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalanacaq

Paşinyan razılığa getməsəydi, Ermənistan növbəti dəfə hərbi təzyiq altında qalacaqdı

"Türkiyə amili Azərbaycanı təhdidlərdən sığortalayır. Dünya gücləri Bakı-Ankara ikilisinin hərbi-siyasi gücünün qarşısına keçmək istəmir"

  “Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışı onun ən azından nəzəri olaraq tamamilə ağıllandığı və reallıqları çətinliklə də olsa həzmə verdiyini göstərir”. 
Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Nikol Paşinyanın çıxışı onun aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə apardığı danışıqların bəzi detallarını göz önünə sərir: 

“Onsuz da 10 noyabr bəyanatından sonra Nikol Paşinyan gah nala, gah da mıxa vururdu. Ara-sıra isə səsinin tonunu qaldıraraq Azərbaycanın dövlət maraqlarına yönələn nöqtələrə vurğu edirdi. Lakin keçən müddətdə Azərbaycanın hərbi-siyasi aktivlik dərəcəsini artırması, diplomatik həmlələrini genişləndirməsi, Türkiyə ilə strateji müttəfiqlik əlaqələrini dərinləşdirməsi Paşinyanı konkret konstruktiv mövqe sərgiləməyə məcbur etdi. Azərbaycanın Rusiya və Qərb arasındakı intensiv təmasları və özünün qüdrətini Türkiyə amili ilə gücləndirməsi Ermənistana da müəyyən mesajlar ötürürdü. Türkiyə amili Azərbaycanı təhdidlərdən sığortalayır. Dünya gücləri Bakı-Ankara ikilisinin hərbi-siyasi gücünün qarşısına keçmək istəmir – nə birbaşa, nə də ki Ermənistan vasitəsilə. Buna görə nə qədər vurnuxsalar da, Ermənistanın əlinə kart verməkdən çəkinirlər, verilən kartları isə Azərbaycan alaraq cırır və qalıqları onların qarşısına tökür. Brüssel görüşü Paşinyanın mövqeyinin dəqiqləşdirilməsi baxımdan önəmli idi. Əgər o, sülhə doğru nəticə əsaslı cığırlara getməsəydi, Ermənistan növbəti dəfə hərbi təzyiq altında qalacaqdı. Ermənistanın hakim dairələrindəki sönük revanşist təsəvvürləri isə 2021-ci ilin noyabr ayında dövlət sərhədində olan genişmiqyaslı toqquşmalar darmadağın etdi”. 

A.Kərimova görə, görünür, Brüssel görüşündə Paşinyanın qarşısında Azərbaycan Ordusunun gücü, bunun paralelində Bakı-Ankara tandemi sarsıdıcı şərt kimi qoyulub. Qəbul olunmayacağı təqdirdə hərb variantı diqqətinə çatdırılıb: 

“Daha dəqiq təsvir etsək, əvvəlki xəbərdarlıqlar konkret məzmun qazanaraq Paşinyanın qarşısına qoyulub. Paşinyan çıxışında həmin şərtləri Ermənistan ictimaiyyətinin diqqətinə çatdırır. Azərbaycanın xəbərdarlıqlarını öz dilinə köçürərək erməniləri müharibə ilə hədələyir. Paşinyan 2020-ci ildəki 44 günlük müharibənin təkrarlana biləcəyi qorxusunu dilə gətirib. Bu heç də Paşinyanın Azərbaycanın öz ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının nəzarətində olan zolaqda anti-terror əməliyyatlarına işarə deyil. Paşinyanın dilinin altında gizlənən “Ermənistanın dövlət kimi tarixə qovuşacağı” riskinin mövcudluğudur. Sülhməramlılardan söz düşmüşkən, Azərbaycanın Fərrux dağını və kəndini nəzarətə götürməsi 10 noyabr bəyanatının 4-cü bəndinin icrasını sürətləndirən səbəbə çevrilir. Bu şərtlər Fərruxdan sonra qurulan danışıqlar masası üzərinə daşınır. Yəni Rusiyanın öhdəlikləri və Azərbaycanın görə biləcəyi addımlar istər Qərb, istərsə də elə Kremlin kuluarlarına aparılır. Elə buna görədir ki, status məsələsində Qərb də Ermənistanın yanında durmaqdan qaçmağa məcbur olur. İndi isə nə Qərb, nə də Rusiya Ermənistanın əlinə əlavə kart vermək siyasətini yürüdür. 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq və “status” mövzusuna sənədlə birdəfəlik son qoyacaq. Azərbaycan isə gələcəkdə mümkün təhdid senarilərinə qarşı ehtiyatlarını əldən verməyəcək. 

Türkiyə ilə əməkdaşlıqda strateji müttəfiqlik əlaqələrinin üzərində yeni üfüqlər açılacaq. Hərçənd, Paşinyanın blefinə dair versiyalar da mövcuddur. Lakin onun nə danışmasından asılı olmayaraq proses Azərbaycanın xeyrinə yekunlaşacaq. Gedişatlarda axsamalar olmasa, sülh müqaviləsinin 2022-ci ilin sonlarına qədər imzalanacağını söyləyə bilərik”.