694 beynəlxalq müşahidəçi seçkini izləyəcək 

Parlament seçkilərini izləmək üçün 61813 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Bunu MSK-nın iclasında sədr Məzahir Pənahov bildirib. O qeyd edib ki, onlardan 3873-ü MSK-da qeydiyyatdan keçib:

“MSK-da qeydiyyatdan keçən müşahidəçilərin 553-ü siyasi partiyaların nümayəndələridir. Bunlar VHP, Müsavat ADP, Ana Vətən Partiyasıdır. DSK-larda qeydiyyatdan keçənlərin sayı 57939 nəfərdir. 33310 nəfər müşahidəçi 17 siyasi partiyanı, 1473-ü 16 QHT-ni təmsil edir. Onlar bütün ölkə üzrə müşahidə apara biləcək”.

MSK sədri onu da bildirib ki, seçkini izləmək üçün 694 beynəlxalq müşahidəçi qeydiyatdan keçib:

“Onlar 52 ölkəni təmsil edir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 400 müşahidəçisi olacaq. Artıq onlardan 283-ü qeydiyyatdan keçib”.

Məzahir Pənahovun sözlərinə görə, parlament seçkiləri ilə bağlı 5 təşkilat 3 qrup şəkildə ekzit-poll keçirəcək.

Bunlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqası (ABŞ-dan olan xarici tərəfdaşı “AJF&Associates İnc.” (“Artur Filkenşteyn və Assosiasiya”) ilə birgə), “Rəy” Monitorinq Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondudur (Fransanın “Opinon way” sosioloji tədqiqat institutu ilə birgə).