Addım-addım irəliləyəcəyik

Gorus-Qafan yolunun nəzarətə götürülməsi zamanında atılmış addımdır

Gec-tez Azərbaycan ərazisindəki erməni hərbçiləri öz ərazilərinə çəkiləcək

Separatçı-terrorçuların keçmiş Ağdərə rayonu istiqamətində (Suqovuşan, Şıxarx, Göyarx) mövqelərindən çıxarıldığı, həmin mövqelərə rus sülhməramlılarının yerləşdiyi barədə xəbərləri yayılıb. Separatçıların qondarma “daxili işlər naziri” Unan Tadevosyan “partlayış səslərinin partlamamış sursatların və minaların təmizlənməsi nəticəsində eşidildiyini” iddia edib. 

Hərçənd, Azərbaycan tərəfindən informasiyanı yayanların hərbi mənbələrlə işləyən şəxslər olması bölgədə ciddi dəyişikliklərin baş verdiyi fikrini gücləndirir. Bununla yanaşı, Xocalı və Xocavəndin mərkəzinin Azərbaycana təhvil veriləcəyini əks etdirən xəritə də yayılıb. Son baş verənlər fonunda belə bir xəritənin dövriyyəyə buraxılması diqqət çəkir. Bütün bunların fonunda erməni mənbələrinin iki gün öncə Qarabağdakı qanunsuz silahlı dəstələri arasında qarışıqlığın yaşandığı haqda xəbərləri də maraqlıdır. 

Qarabağda baş verənlərlə bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Azərbaycan tərəfi 10 noyabr sazişinin bəndlərinin yerinə yetirilməsi ilə yanaşı xeyli əlavə işlər görüb. Partiya təmsilçisi bildirib ki, 30 il ərzində dağıdılmış infrastruktur sürətlə bərpa edilir, gələcəkdə insanların müasir tipli şəhər və qəsəbələrdə yaşaması üçün böyük hazırlıqlar gedir:

“Bu işlər əsasən Azərbaycanın tam nəzarətində olan ərazilərdə aparılır. Hələ ki, Rusiya və Ermənistan gələcəkdə normal münasibətlərin və əlaqələrin qurulması üçün səy göstərmirlər. Rusiya sülhməramlıları tərəfindən müəyyən tikinti və bərpa işlərinin aparıldığı müşahidə edilsə də, bu, daha çox rus hərbiçilərinin şəraitinin yaxşılaşması istiqamətində edilir. Rusiya Qarabağda uzunmüddətli yerləşmək niyyətini nümayiş etdirir. Azərbaycanın azad olunmuş ərazilərdə sürətli və effektli bərpa işləri çox yaxın zamanda Qarabağın erməni əhalisinin diqqətini çəkəcək. 30 il çətin şəraitdə yaşayan etnik azlıq olan ermənilər bundan sonra sürünməyə razı olmayacaqlar. Hamıya məlumdur ki, 10 noyabr razılaşmasının şərtlərindən biri və bizim üçün ən önəmlisi erməni hərbi birləşmələrinin Qarabağı birdəfəlik tərk etməsidir. Lakin bu proses rəsmi olaraq başladılmayıb. Ermənistan könüllü şəkildə hərbçilərini Qarabağdan çıxartmasa, rəsmi Bakı alternativ metod tətbiq etməyə məcbur olacaq. Hələlik Qarabağa daşınan yük maşınlarına tam nəzarəti ələ almaq üçün tədbirlər görülür. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi tərəfimizdən xəbərdarlıq alıb. Hərbi xarakterli yüklərin Laçın dəhlizindən keçməsinin qarşısı alınıb. Bu vəziyyət bir neçə ay davam edərsə, erməni hərbi birləşmələri tam iflasa uğrayaraq ərazilərimizi tərk etməyə məcbur olacaqlar”.

Analitikə görə, Gorus-Qafan yolunun tam nəzarətə götürülməsi regionda gərginliyi artırsa da, çox vacib və zamanında atılmış addımdır: 

“Bundan sonra nəinki  Qarabağa, hətta Ermənistana hərbi təyinatlı yüklərə nəzarət etməliyik. Bu məsələ ilk növbədə tək Azərbaycanın deyil, ümumilikdə regionun təhlükəsizliyi baxımından çox vacib məsələdir. O ki qaldı, Azərbaycanın nəzarətində olmayan ərazilərdən erməni hərbiçilərinin çəkilməsinə, bu xəbər hələlik rəsmən təsdiqlənməyib. Mən özüm də tələskənlik edərək hadisələri qabaqlamağı doğru hesab etmirəm. Proses başlayıbsa, bunu Ermənistan ictimaiyyətini qıcıqlandırmamaqla, addım-addım irəliyə aparmalıyıq. İşğaldan azad olunmuş ərazilərimizdə sürətli və keyfiyyətli bərpa işləri erməni əhalisi üçün cəlbedici olmalıdır. Başa düşmək lazımdır ki, Ermənistan hakimiyyəti üçün bu tipli qərarlar vermək çox çətindir. Başqa ölkələrə bağlı qüvvələr Paşinyana çox ciddi təzyiqlər göstərirlər. Paşinyana daxili təzyiqi dəf etmək üçün quruculuq və bərpa işlərini fasilə vermədən sürətləndirməliyik. İlk növbədə Şuşa və Laçında həyat bərpa olunmalıdır”.

İsmayıl Qocayev