Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır

Türkiyənin Kilis şəhərində zərgərlik emalatxanasında çalışan ustanın qızıldan hazırladığı uşaq qaşığı, qəhvə fincanı, bıçaq və kabab şişi kimi qeyri-adi məhsullar böyük maraq doğurur.

Sherg.az xəbər verir ki, xüsusilə qızıl uşaq qaşığına artan tələbatla əlaqədar Serkan Tekdirlik müştərilərin istəklərinə uyğun məhsullar hazırladığını bildirib. Onun sözlərinə görə, 5 qramlıq qızıl uşaq qaşığının qiyməti təxminən 35 min türk lirəsidir.

Kilis şəhərində zərgərlik emalatxanasının sahibi Serkan Tekdirlik klassik qızıl-zinət əşyalarından əlavə, müxtəlif qeyri-adi məhsullar hazırlayaraq diqqət çəkir.

Hobbi məqsədilə başladığı fərqli məhsul dizaynları sırasına qızıldan hazırlanmış uşaq qaşığını da əlavə edən Tekdirlik bildirib ki, məhsulun sosial şəbəkələrdə paylaşılmasından sonra ona olan tələbat artıb.

Qızıl uşaq qaşığı necə ortaya çıxdı?

Tekdirlik qeyd edib ki, qızıldan yalnız qaşıq deyil, həmçinin qəhvə fincanı, bıçaq və kabab şişi kimi müxtəlif məhsullar da hazırlayır. O, qızıl uşaq qaşığının hazırlanması ideyasının necə yarandığından da danışıb.

“Nəvəm üçün maraqlı bir hədiyyə istəyirdim”

Onun sözlərinə görə, bir gün sosial şəbəkə vasitəsilə telefon nömrəsini əldə edən bir şəxs onunla əlaqə saxlayaraq yeni doğulmuş nəvəsi üçün fərqli və maraqlı hədiyyə hazırlatmaq istədiyini deyib. Tekdirlik isə həmin şəxsə qızıldan uşaq qaşığı hazırlamağı təklif edib.

Məhsulun sosial şəbəkələrdə paylaşılmasından sonra isə ona müxtəlif sifarişlər gəlməyə başlayıb.

“Orta hesabla 5 qramdır və qiyməti 35 min lirədir”

Serkan Tekdirlik bildirib ki, qızıl qaşıqlar tamamilə sıfırdan hazırlanır:

“Əvvəlcə qızılı əridir, daha sonra dizaynını kompüterdə hazırlayırıq. Müştərinin istəyinə və seçdiyi modelə uyğun istehsal edə bilirik. Qaşığın çəkisi orta hesabla 5 qram olur. Hazırkı qiyməti isə təxminən 35 min türk lirəsidir.”