"Son vaxtlar bəzi valideynlər məktəbi yeni bitirmiş və akademik göstəriciləri yüksək olmayan oğlanları Rusiyanın müxtəlif universitetlərinə göndərirlər. Deyilənə görə, heç rus dilində belə təhsil almamış gənclər hansısa yollarla Rusiyanın ikinci eşelon universitetlərinə rahatca “qəbul” olunurlar. Mənim bununla işim yoxdur. Əsl məqsədim başqadır".
Sherg.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Həsrət deyib.
O, valideynlərə müraciət edərək Rusiyada təhsil almaq məqsədilə övladlarını həmin ölkəyə göndərməməyə çağırıb:
"Rusiya sentyabr ayından başlayaraq öz işğalçı-qanlı ordusuna daha 500 min yeni döyüşçü cəlb etməyi planlayır! Və bunlar da rus millətindən olan deyil. Əsasən xarici vətəndaşları, reallığı düz-əməlli anlamayan gəncləri könüllü adı altında zorla müharibəyə aparıb Ukraynada məhv edəcəklər! Dəfələrlə demişəm, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı savaşın əsas məqsədlərindən biri də rus olmayanlar üzərində soyqırım gerçəkləşdirməkdir! Statistika da göstərir ki, ötən 4 il yarımda Ukrayna savaşına göndərilərək məhv edilənlər ruslar deyil, daha çox türklər və müsəlmanlardır. Təəssüf ki, onların arasında Rusiya vətəndaşı olmayanlar da az deyil. Sözümün canı odur ki, uşaqlarınızı Rusiyaya oxumağa göndərməklə, əslində qanlı rus imperiyasına təhvil verirsiniz. İraq olsun, övladlarınızı itirmək qorxusu 99 faizdən az deyil. Bir az düşünün O lənət imperiyadan nə vaxt xeyir gördük ki, indi də uşaqlarınızı aparıb orada hayıf edirsiniz?".
A.Həsrət hesab edir ki, valideynlər bu qərarı verməzdən əvvəl mümkün təhlükələri diqqətlə qiymətləndirməli və övladlarının təhlükəsizliyini ön planda saxlamalıdır.