Azərbaycan bütün müzakirələrə hazırdır
İctimaiyyət nümayəndələrinin görüşü sülh quruculuğuna yardım göstərə bilər
Xəbər verdiyimiz kimi, dekabrın 23-24-də Moskva şəhərində Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələri arasında görüş keçirilib. Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun təşəbbüsü ilə baş tutan görüşdə iki xalq arasında gərginliyi azaltmaq istiqamətində atılacaq addımlar müzakirə edilib. Rusiya paytaxtındakı görüşə Azərbaycandan Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova qatılıblar. Ermənistanı isə İrəvan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil edib.
Ermənilərlə görüş haqqında mətbuata açıqlama verən Fərhad Bədəlbəyli əsasən humanitar problemlərdən danışıldığını, ümumən gərgin atmosferdə keçdiyini bildirib: “Qarabağdan danışmadıq. Əsas məsələ Azərbaycanda saxlanan erməni əsgərlər haqqında idi. Biz isə Azərbaycan torpaqlarında qalmış minlərlə mina problemini qaldırdıq. Bu iki problem üzərində müzakirə apardıq. 12 il əvvəlki görüşdə ermənilər bizə deyirdilər ki, “gəlin dost olaq”, “müharibəni yaddan çıxaraq”. İndi biz deyirik ki, müharibə qurtardı, gələcəkdə bir-birimizlə normal yaşayaq. Dost olmasaq da, normal, sivil qonşu kimi yaşaya bilərik. Əsas məsələ budur”.
Müharibədən sonra Azərbaycan-Ermənistan ictimaiyyət nümayəndələrinin bir araya gəlməsini “Şərq”ə şərh edən siyasi şərhçi, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi (SİAM) İctimai Birliyinin sədri Zaur İbrahimli deyib ki, Prezident İlham Əliyev 15 dekabrda Brüsseldə keçirilən danışıqlarda bir daha bəyan etdi ki, Bakı İrəvanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazırdır. QHT rəhbərinin sözlərinə görə, Ermənistan baş naziri də danışıqlardan sonra bu barədə açıqlamalar verdi:
“Postkonflikt dövrünün problemlərinin həlli, regionda davamlı sülhün əldə olunması üçün yekun müqavilənin imzalanması zəruri şərtdir. Sülh müqaviləsinin fundamental şərti Azərbaycanın ərazi bütövlüyü və BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində suverenliyidir. Azərbaycan öz sərhədləri daxilində məskunlaşmış ermənilərə təhlükəsizlik və Ermənistanla kommunikasiyanın təmin edilməsinin təminatını verməyə hazırdır. Azərbaycanın Ermənistan da daxil heç bir ölkəyə ərazi iddiaları yoxdur. Siyasi və hüquqi çərçivədə Ermənistanla diplomatik və digər kanallarla müzakirələr aparılması vacibdir. Sülh müqaviləsinın hazırlanması və imzalanması üçün diplomatik səylərlə yanaşı, ictimaiyyət nümayəndələrinin görüşü də mühümdür. Bu, dialoq mühitinin yaradılmasına önəmli töhfə verə bilər”.
Z.İbrahimli vurğulayıb ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib:
"Rəsmi Bakı müharibədən sonra yaranmış yeni reallıqlar kontekstində Ermənistanın konstruktiv mövqedən çıxış etməsinə kömək edəcək bütün müzakirələrə açıqdır. Ermənistan ictimaiyyəti sülh, anlaşma məsələləri üzərində, Azərbaycan torpaqlarının işğalının faciəli nəticələri haqqında düşünməlidir. Erməni cəmiyyəti tarixi seçim qarşısındadır - müharibə, yaxud davamlı sülh istiqamətində çalışmaq. Təəssüf ki, son otuz ildə Azərbaycanın sülh çağırışları Ermənistan cəmiyyətində də dəyərləndirilməyib. Erməni cəmiyyəti təcavüzkar siyasətə dəstək verib. İctimaiyyət nümayəndələrinin görüşü bu cür məsələlərin müzakirəsi, humanitar problemlərin çözülməsi, sülh quruculuğu ilə əlaqədar digər məsələlərin həllində yardım göstərə bilər. Ermənilər Azərbaycanın qətiyyətli mövqeyini, sülhə hesablanmış xoş niyyətini aydın başa düşməlidir. Bu mesajın verilməsi, izahı və təşviq edilməsində ictimaiyyət nümayəndələrinin müzakirələri əsas vasitələrdən biridir”.