Əziz Əlibəyli: "Alternativ olaraq bunu edə bilərik və məncə, etməliyik"
Azərbaycanlı ekoloqların və qeyri-hökumət təşkilatlarının erməni separatçılarının ekologiya terroruna qarşı Şuşa-Xankəndi yolunda keçirtdiyi etiraz aksiyası Ermənistanla yanaşı, bir neçə başqa ölkənin də yuxusunu ərşə çəkib. Rusiya və İranla yanaşı, Fransa, Litva, Kanada kimi dövlətlərdən səs çıxıb. Bu ölkələrin rəsmi qurumları haqlı tələblərlə keçirilən dinc aksiyanı ermənilərə qarşı "humanitar fəlakət" kimi təqdim ediblər. Onlar azərbaycanlıları "Laçın yolunu bağlamaqda" və "Qarabağ ermənilərini təcrid etməkdə" suçlayıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi proseslərə qərəzli yanaşan ölkələrin rəsmi qurumlarına sərt etirazını bildirib. XİN-dən vurğulanıb ki, rəsmi Bakı Kanada xarici işlər idarəsinin Laçın yolunun açılması ilə bağlı qərəzli bəyanatını rədd edir. Qeyd olunub ki, Kanada yaxşı olardı ki, Ermənistanı Laçın yolundan qeyri-qanuni hərbi məqsədlər üçün istifadə etməkdən, minaların daşınmasından çəkinməyə çağırsın. Diplomatlarımız Litvanın da cavabını veriblər. Nazirliyin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycanın uzun illər geniş tərəfdaşlıq münasibətlərinə malik olduğu Litva XİN-in qərəzli və birtərəfli yanaşması narahatlıq doğurur: "Bu bəyanat, eyni zamanda Litva Respublikasının Prezidenti Gitanas Nausedanın cari ilin may ayında Azərbaycana səfəri zamanı aparılmış müxtəlif istiqamətli müzakirələr kontekstində anlaşılmazlıq yaradır. Litva tərəfinə xatırladırıq ki, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” deyilən ərazi vahidi mövcud deyil. Litva artıq “Pribaltika” ölkəsi adlandırılmadığı kimi, Azərbaycanın Qarabağ İqtisadi rayonunun Sovet İttifaqı zamanı formalaşdırılmış keçmiş adlarla adlandırılması qəbuledilməzdir. Blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.
Roma Papası I Fransisk də Laçın dəhlizindəki vəziyyətdən danışıb. Vatikan ofisi məlumat yayıb ki, Papa çətin humanitar şəraitdən "narahat" olduğunu deyib: "Mən qış mövsümündə insanların həyatının daha da pisləşə biləcəyi çətin humanitar şəraitdən narahatam".
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə bildirib ki, erməni lobbisinin pulu çoxdur. Analitik qeyd edib ki, erməni lobbisi maliyyə hesabına, separatçıların Qarabağdan, yəni bizim yataqlardan əldə etdikləri qiymətli metallarla özlərinə xeyli agent əldə ediblər:
"Roma Papasının Qarabağdakı ermənilər üçün "duası" göstərir ki, böyük ölçüdə hansısa maliyyə transferi həyata keçirilib. Məhz belə məqamlara görə ermənilərlə siyasi, psixoloji olaraq onların öz dilində, başa düşdükləri tərzdə danışmaq lazımdır. Ermənilər mövcud vəziyyətə sadəcə 4 gün tab gətirə, dözə bildilər və tamamilə çökdülər. Hazırda mağazaların piştaxtaları tamamilə boşdur. Məsələ ondadır ki, Azərbaycan tərəfi tırlarla humanitar yükləri aparıb Xankəndiyə tökə bilər. Alternativ olaraq bunu edə bilərik və məncə, etməliyik. Bəlkə ondan sonra Roma Papasının ilahi vicdanı digər problemlərin həllinə şərait yaradır".
Politoloq Elxan Şahinoğlu da deyib ki, Rusiya, ABŞ və Avropa dövlətlərinin bir qismində onsuz da açıq olan, bağlanmayan Laçın yolunun "açılmasıyla" bağlı tələblərin sayı artıb. Onun sözlərinə görə, erməni lobbisi Azərbaycana qarşı dezinformasiya müharibəsində yeni cəbhə açıb:
"Biz haqlıyıq və problemin məmurlarımıza Qarabağdakı yataqlarda monitorinqin aparılmasına maneə ilə bağlı olduğunu bildiririk.Yolda gömrük və sərhəd postunun yaradılması tələbində də haqlıyıq. Ancaq haqlı olduğumuzu müxtəlif ölkələrin rəsmi və ekspert dairələrinə nə dərəcədə izah edə bilirik? Azərbaycanın xarici ölkələrdəki səfirlərindən hər hansı birinin bu mövzuda məşhur nəşrlərdən birinə müsahibə verdiyini və ya brifinq keçirdiyini eşidən olubmu?".