Azərbaycan yeganə ölkədir ki...

Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə ən yuxarı səviyyədə strateji münasibətlər mövcuddur


  "Azərbaycan bəlkə də, yeganə ölkədir ki, bütün Balkan ölkələri ilə, sadəcə Balkan ölkələri ilə deyil, ümumiyyətlə, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə ən yuxarı səviyyədə strateji münasibətləri mövcuddur".

  Bu barədə politoloq Turab Rzayev deyib. Analitik bildirib ki, Balkan regionu, etnik, dini, siyasi cəhətdən kifayət qədər qarışıq regiondur. Hətta qlobal supergüclər də bu regionda sırf bəzi ölkələr ilə daha xüsusi əlaqələrə malikdir: 

"Bəzi ölkələri dəstəkləyirlər, avtomatik olaraq digər ölkələr ilə soyuq, hətta bəzən düşmən münasibəti saxlamalı olurlar. Həm Xorvatiya, həm Serbiya, həm Bosniya, həm Albaniya ilə, həm Rumıniya, həm də Macarıstanla müsbət, hətta strateji səviyyədə əlaqə saxlamaq çox nadir dövlətlərin xarici institutlarının bacardığı məsələdir. 

Bu səviyyədə ancaq ABŞ kimi superdövlətlər xarici siyasət yeridirlər ki, o da daha diplomatik qabiliyyətdən çox digər bütün ölkələr onunla hesablaşmağa məcbur olduğu üçün effektiv alınır. Hətta ABŞ belə Kosovaya görə Serbiya ilə, Rusiya ilə dərin münasibətlərə görə Bolqarıstanla, rusiyameyilli qüvvələr seçkidə qalib gəldikdə Makedoniyadakı hakimiyyətlə yola getmir. Azərbaycan Kosovanın himayədarlarından Türkiyə ilə strateji müttəfiq olsa da, Serbiya ilə çox yüksək əlaqələri saxlamağı bacarıb. Eynilə Serbiya ilə ulduzu heç cür barışmayan Albaniya Azərbaycanın Frankofoniya birliyində və BMT-də əsas müdafiəçilərindən biridir. Hətta nə qədər qəribə olsa da, bu yaxınlara qədər Yunanıstanla çox yüksək səviyyəli əlaqələrimiz mövcud idi. Türkiyə kimi regional güc də son illərdə Azərbaycan modelini mənimsəməyə, ənənəvi olaraq rəqib və ya düşmən sayılan Serbiya və Bolqarıstanla yüksək səviyyəli əməkdaşlıq qurmağa müyəssər olub. Artıq Türkiyə Kosovo problemini Serbiya ilə münasibətlərdən kənar saxlamağı, bolqar türkləri problemini də Bolqarıstanla münasibətləri zədələməyəcək şəraitdə inkişaf etdirməyi bacarır".