"Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir"
Ceyhun Məmmədov: "Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib"
Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı, islam dəyərlərinə hörmətlə yanaşma hər zaman vacib məsələlərdən olub. Bu amillər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da daim diqqət mərkəzində dayanıb. Ölkəmizdə dövlət-din münasibətləri istiqamətində həyata keçirilən uğurlu siyasətin davamı olaraq Azərbaycan bir neçə dəfə beynəlxalq dini konfransların keçirilməsinə rəhbərlik edib. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişafı qeyd edilən konfransların əsas müzakirə mövzuları olub.
Azərbaycanda dini məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi daim diqqət mərkəzində yer alıb. Prezident İlham Əliyevin Məkkədə Həcc ziyarətində olması da müsəlmançılıq ideyalarına Azərbaycan xalqı ilə birlikdə sadiqliyinin əsasını təşkil edib. 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunduqdan sonra nəzərdə tutulan əsas infrastruktur layihələrindən biri məhz Azərbaycan xalqının məscidlərinin, qədim abidələrinin bərpası olub. İşğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə Prezident İlham Əliyev ailəsi ilə birlikdə səfəri zamanı hər iki şəhərdə bərpa edilən məscidlərə baş çəkib, görülən işlərlə yerindəcə tanış olub. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əfsuslar ki, Azərbaycandakı daxili sabitliyi, islam dəyərlərinin inkişafını, dini mühitin azadlığını gözü götürməyən bəzi xarici dairələr və onların daxildəki maşaları ara-sıra təxribatlara əl atırlar. İnanclı vətəndaşlar arasında nifaq salmaqla müəyyən dini kəsimi öz çirkin oyunlarına alət etməyə cəhd göstərirlər.
Dövlət-din münasibətləri ilə bağlı “Şərq”ə danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda hər zaman dinimizə, milli-mənəvi dəyərlərimizə dövlətin diqqət və qayğısı yüksək olub. Millət vəkilinin sözlərinə görə, bu münasibətlərə zərbə vurmaq cəhdləri əbəsdir.
- Ceyhun müəllim, Azərbaycan dövlətinin, ələlxüsus ölkə rəhbərliyinin dini sahəyə göstərdiyi qayğı və diqqəti necə dəyərləndirirsiniz?
- Azərbaycanda dövlət-din münasibətləri ən yüksək səviyyədədir. Biz hər zaman Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin məscidləri ziyarət etdiklərinin şahidi olmuşuq. Bu, özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. Ağdamda, Şuşada, Zəngilanda bilavasitə cənab Prezidentin və Mehriban xanımın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları qurulur, inşa olunur. Yaxşı xatırlayırıq ki, dövlətimizin başçısı və birinci xanımımız bütün səfərlərində buradakı məscidlərə gedərək oradakı məscidlərdə dualar edirlər. Hətta özləri ilə bərabər apardıqları Quranı da məscidlərə hədiyyə edirlər və hər zaman hörmətlə yanaşırlar. Heydər Əliyev Fondunun xətti ilə azad olunmuş ərazilərdə məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirilir. Zəngilan məscidi Fond tərəfindən təmir və bərpa olunur. Eyni zamanda bu işlər Şuşada və digər ərazilərdə gedir. Daşaltıda, Hadrutda, Suqovuşanda bilavasitə Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə yeni məscidlər inşa olunur. Təkcə azad olunmuş bölgələrdə yox, Bakıda, Şamaxıda bu işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük. Mehriban xanımın bu prosesdə fəal iştirakı ilə Bibiheybət, Təzə Pir, Şamaxı Cümə məscidlərində də yüksək abadlıq, quruculuq işləri həyata keçirilib. Bu məscidlər bu gün Azərbaycana gələn bütün qonaqları heyran edir. Bu yerlər Azərbaycanda islam dünyasının gözəl, füsunkar ibadət yerlərindən birinə çevrilib. Azərbaycanda təkcə müsəlman dini abidələrinə deyil, digər dinlərin də dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir. Qeyd olunanlara əsasən tam əminliklə söyləyə bilərik ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və qayğı var. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib.
- Dini islahatlardan biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılması idi. Sizcə, bu ali təhsil ocağı milli və dini kadrların yetişdirilməsində mühüm rol oynayacaqmı?
- Prezident İlham Əliyevin din sahəsinə ən böyük diqqət və qayğısının biri də İlahiyyat İnstitutunun yaradılması oldu. Bu gün bu İnstitut bölgənin aparıcı təhsil müəssisələrindən birinə çevrilib, yeni bina ilə təmin olunub. Artıq Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atır. Şübhəsiz, Azərbaycan İlahiyyat İnstitutu ölkəmizdə savadlı dini kadrların yetişdirilməsinə ciddi töhfə verəcək. Xatırladım ki, İlahiyyat İnstitutu yaradılmamışdan öncə vətəndaşlarımız dini təhsil almaq üçün müxtəlif xarici ölkələrə üz tuturdular.
Bir sıra hallarda da zərərli dini təsirlərə məruz qalırdılar. Ölkəmizdə İlahiyyat İnstitutunun yaradılması həm dini təhlükəsizliyin təmin olunmasına, həm dövlət-din münasibətlərinin yüksək səviyyədə qorunmasına, tənzimlənməsinə öz töhfəsini verəcək. Biz bunu cənab Prezidentin siyasətində aydın görürük. Milli kadrların yetişdirilməsi prioritet olaraq bizim qarşımızda qoyulub. Bu vəzifənin yerinə yetirilməsi istiqamətində Azərbaycan İlahiyyat İnstitutu mühüm rol oynayır.
- Kifayət qədər həssas olan din sahəsində tədris prosesinin nəzarətdə olması nə qədər mühümdür?
- Dini təhsilin dövlət nəzarətində olması önəmli və əhəmiyyətlidir. Din çox həssas məsələdir. Bütün dünya ölkələrində din hər zaman dövlətin nəzarətində saxlanılır. Eyni zamanda dini tədris elmi əsaslar üzərində öyrənilir, tədqiq olunur. Dinin tədrisində elmi metodlardan geniş istifadə edilir. Din elə bir sahədir ki, burada elmi əsaslarla yanaşma xüsusi önəm daşıyır. Əgər dini sahəni düzgün tənzimləmək, dini təhlükəsizliyimizi təmin etmək, qorumaq istəyiriksə, birmənalı olaraq dini təhsil dövlətin nəzarətində olmalıdır. Baş verən proseslərə nəzər yetirəndə din sahəsinin nə qədər həssas və vacib olduğunun şahidi olarıq.
- Arzuolunmaz olayların təkrarlanmaması üçün dini sahədə hansı addımlar atılmalıdır?
- Dini maarifləndirmə işi gücləndirilməlidir. Məscidlərimizə, onların fəaliyyətinə savadlı, bilikli kadrların cəlbi istiqamətində ciddi fəaliyyət ortaya qoymalıyıq. Bu, heç də kiçik məsələ deyil, olduqca böyük əhəmiyyət daşıyır. Hamı bu prosesə öz töhfəsini verməlidir.
Maarifləndirmə, təbliğat, islahat işləri aparılmalı, qaydaları pozanlar “Dini etiqad azadlığı” haqqında qanunun tələbinə uyğun olaraq cəzalandırılmalıdır”. Bu məsələlərə qeyri-ciddi yanaşmaq olmaz.