Bakıda nəqliyyat sıxlığının əsas səbəbi məktəblər və universitetlərdir - EKSPERT

Sahib Məmmədov: İş qrafiklərinin dəyişdirilməsi tıxac problemini kökündən həll etməyəcək

Güman ki yeni tədris ilinin başlanğıcına paytaxtda dəyişkən iş qrafiki tətbiq olunacaq. Bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Proqrama əsasən dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulur. Bu barədə millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov məlumat verərək bildirib ki, proqrama görə, bu məhz 2026-cı ildə reallaşacaq: 

- Proqrama əsasən, dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq. 

Millət vəkili qeyd edib ki, belə təcrübə Avropanın bir sıra ölkələrində tətbiq olunur. Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Dəyişkən il qrafikinin tətbiqi nəqliyyat sıxlğını tam aradan qaldırmasa da, azaldılmasına kömək edə bilər. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a açıqlamasında bildirdi ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair Dövlət Proqramı var və bu tərkibdə 10-lar tədbir nəzərdə tutulub, bunlardan biri də iş yerlərinin qrafiklərinin optimallaşdırılmasıdır: 

- Reallaşması ən çətin olan da elə budur. Çünki Bakıda iri müəssisələr, demək olar ki, yoxdur. Olanlardan biri, məsələn, Neftayırma Zavodudur, amma onlar növbəli iş sistemi ilə fəaliyyət göstərirlər. Qalır dövlət orqanları, yəqin ki, onların müəyyən təklifləri var. Özəl sektorda isə əsasən xırda müəssisələr fəaliyyət göstərir. Hərəsində 5-10 nəfər çalışır. Ticarət sektorunda bu, mümkün olmayacaq. Həyatı təmin- edən sahələrdə mümkün olmayacaq. Yalnız iş qrafikinin dəyişilməsi mümkün olan yerlərdə dəyişiklik etmək problemin həllinə əsaslı kömək etməyəcək. Nəqliyyat sıxlığının yaranmasının əsas səbəbi təhsil müəssisələridir. Şəxsi avtomobilləri məktəblərin qarşısında saxlayırlar, uşaqları düşürür, mindirirlər, tıxac yaranır, ali təhsil müəssisələrinin də qarşısında daim tıxac yaranır avtomobillərə görə. Bununla bağlı tədbir görülməlidir. Amma hələ ki konkret bir təklif yoxdur. Təhsil müəssisələrinin köçürülməsi bəzən təklif edilir, lakin bu, asan məsələ deyil. Təhsil müəssisəsini köçürmək, bir binanı başqa yerdə tikmək deyil təkcə. Bunun müəllim heyəti var, infrastrukturu, daşınması var, bu, o qədər də asan məsələ deyil. Paralel digər tədbirlər həyata keçirilsə, məsələn, keçidlər, yollarla bağlı müəyyən dəyişiklilkər edilsə, bəlkə problemin həllinə kömək etmiş olar.