Bakının subasma problemi vəzifəlilərin səhvidir - EKOLOQ

Buradan dəfələrlə artıq yağıntı düşən şəhərlər var, amma belə olmur

Təşkilatsızlıq, biganəlik, məsuliyyətsizlik özünü göstərdi. Əgər təsərrüfat sistemi düzgün işləsəydi, maye tullantıları problem yaratmazdı

Bakı şəhərində sel və su basmaları tikinti xaosu və köhnə kanalizasiya sistemindən qaynaqlanır

Yağış sularının təkcə Bakıda deyil, bölgələrdə də nə kimi fəsadlar yaratdığı da məlumdur, səbəblər də. Amma diqqət edəndə görürük ki, “intensiv yağışlar”, “normadan artıq yağıntı” ifadələri tez-tez istifadə olunur. Sanki bununla qanunsuz əməlləri, səhlənkarlıq və məsuliyyətsizliyi ört-basdır etməyə çalışırlar.   

Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında bildirdi ki, hazırkı hava şəraiti mövsümə uyğundur. Azərbaycan ərazisinə yağıntılar əsasən qışın sonu-yazın əvvəlində düşür. Bu nəzərə alınarsa, hazırkı hava şəraiti anomaliya hesab edilməməlidir: 

- Yazın əvvəlidir, yağıntılar təbii çox olmalıdır, çox olacaq. Burada problem yağıntılar deyil. Bakıdan dəfələrlə artıq yağıntı düşən şəhərlər var, hansı ki düz ərazilərdə yerləşirlər, o şəhərlərdə həqiqətən də intensiv günlərlə davam edən yağışlı havalarda küçələri, evləri bzdəki kimi su basmır, ümmiyyətlə, küçələrdə yağış suları toplanıb qalmır. Bakının bu vəziyyətə düşməsinin əsas səbəbi xaotik tikintilərin aparılması, yaşıllıqların məhv edilərək hündürmərtəbəli binaların tikilməsi, ağacların kəsilərək yerində obyektlərin, ticarət, əyləncə mərkəzləri, restoran və kafelərin tikilməsi, kanalizasiya sistemininsə ötən əsrdəki vəziyyətdə qalması, ümumən təsərrüfat sisteminin yenilənməməsidir. Bu sıyahıya şəhərin vaxtilə 1-2 milyon əhali üçün nəzərdə tutulduğunu, amma faktiki hazırda Bakıda bundan 3-4 dəfə çox əhalinin məskunlaşmasını da əlavə etməliyik. Bölgələrdən insanlar iş ardınca şəhərə gəlir, hərə bir üsulla, biri pul verib ev tikir, biri kirayədə qalır və sair. Beləliklə şəhər dolur, infrasturktur isə əhali sayına və məskunlaşmaya uyğun qurulmadığından, bu cür fəlakətlər yaşanır. Yağıntıların çox olmağı onu göstərir ki, quraqlıq dövrü başa çatır. Hazırda ölkə ərazisinə daxil olan hava kütlələri quraqlıq dövrünün baça çatdığını, yağıntıların tədricən artacağını göstərir. Naxçıvana 40 faizi qədər yağıntı düşüb. Bu tendensiya davam etsə, rütubətli dövr başlayacaq. Bu, təbiətin qanunauyğunluğudur. Baş verənlərsə yağışın günahı deyil, əhali artımı, amma artıma müvafiq su-kanalizasiya, ötürücü qurğular sisteminin buna uyğun olmamasının nəticəsidir. Təşkilatsızlıq, biganəlik, məsuliyyətsizlik özünü göstərdi. Əgər təsərrüfat sistemi düzgün işləsəydi, maye tullantıları problem yaratmazdı. Əksinə, bu qədər yağıntıdan, sel sularından faydalı istifadə olunardı. Ərazilərdə məskunlaşmaya təsərrüfat sistemi hazır olandan sonra icazə verilməlidir. Amma bizdə belə deyil. Torpaq sahəsi ayrılır, tikinti başlayır, ev bina tikilir, sonra baxırlar ki kanalizasiyanı hara birləşdirsinlər, haradan su, qaz çəkilsin. Belə tendensiya faciəylə nəticələnməliydi. Biz bu barədə ciddi fikirləşməliyik. Təsərrüfat sistemi yenidən quraşdırılmalıdır. Ümumi sistemə qoşulmalıdır. Böyük bir prospekti söküb 2 metr diametri olan borularla yağış suları dənizə istiqamətləndirilməlidir. 4-5 nəhəng kollektor tikilməlidir. Drenaj sistemi yenidən qurulmalıdır. Bu işlər görülməsə, vaxt olacaq ki blokdan çıxıb addım ata bilməyəcəyik. Təbiət səhv etmir, insanlar səhv edir. Bunu Höte deyib. 

Ekoloq bildirdi ki, yağıntının mənfi cəhəti dağıntılar, subasmalardır. Amma müsbət tərəfləri də var: 

- Yağıntılar davamlı olacaq və Xəzərin səyyəsini qaldıracaq. Yağışlar nəticəsində indi Bakı şəhərinin yaşıllığı göz oxşayır. Təbiət bunu bizə verdi. 1 ağacı yetişdirib qaldırmaq çox çətindir. Nə qədər su lazımdır bir ağacın böyüməsi üçün. Təbiət özü bunu tarazladı. Rayonlarda dağlara qar da yağıb. Bu, bol sululuq dövrü deməkdir. Meyvəli, dənli btkilərmiz üçün müsbət haldır. Əgər sel sularını toplaya bilsəydik, daha çox müsbət nəticə əldə edərdik. Təəsüf ki təbiət bizə bu qədər imkan verdiyi halda, sel suları boşuna axıb getdi.