- Azərbaycanın təqdim etdiyi sübutlar BMT-də Ermənistanı çətin vəziyyətə saldı
- Ermənistan BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin tələblərini yerinə yetirmir
BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin Cenevrədə keçirilən 31-ci sessiyasında iştirak edən Azərbaycan nümayəndə heyəti həqiqətləri ortaya qoymaqla Ermənistan nümayəndə heyətini çətin vəziyyətə salıb. Bu barədə sessiyada iştirak edən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, hüquqşünas Sahib Məmmədov məlumat verib.
S. Məmmədovun məlumatına görə, Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi sübutlar Ermənistan tərəfini çətin vəziyyətdə qoyub və Ermənistan nümayəndə heyəti Azərbaycana qarşı növbəti dəfə yalan və böhtanlar səsləndirməyə cəhd edib. Lakin sessiyadan əvvəl Azərbaycan nümayəndə heyəti lazımi işləri həyata keçirib:

– Sessiya başlamazdan öncə bizim və Beynəlxalq Avrasiya Mətbuat Fondunun alternativ hesabatları BMT-nin veb-səhifəsində açıq şəkildə yerləşdirilmişdi. Birgə bəyanatımız əvvəlcədən Komitə üzvlərinə elektron qaydada və əlbəəl çatdırılmışdı. Bəyanata girov götürülmüş 71 uşağın şəkilləri, yaşları, cinsi və girov götürüldükləri konkret tarixləri əks etdirən siyahı təqdim olunmuşdu.
BAMF və mənim rəhbərlik etdiyim QHT Komitənin prezidenti cənab Juan Alban-Alencastro və komitə üzvləri üçün bir saat yarım davam edən qapalı brifinq keçirib. Bəyanatı səsləndirib və çoxsaylı suallara cavab verib.
Ermənistan hesabatını təqdim etməyə başlayandan sonra, təbii ki, gözləmədikləri sualların atəşinə düşərək çaş-baş qaldılar və ümumi cavablarla – “bu humanitar məsələdir”, “Azərbaycan QHT-ləri birtərəfli məlumat verməli deyildi”, “biz bu məsələni sülh prosesi çərçivəsində araşdıracağıq” – kimi ifadələrlə suallardan yayınmağa çalışdılar.
Amma 5 qitəni təmsil edən Komitə üzvləri təcrübəli şəxslərdir. Kütləvi məzar yerlərindən tutmuş girov uşaqlara, girov qadınlara və digər məsələlərə qədər açıq suallar verdilər. Hamısının da əlində bizim alternativ hesabatlarımız, bəyanat və digər məlumatlar var idi.
Onlar sual verirdilər ki, məcburi yoxa çıxarılmış şəxslərin varisləri nə qədər gözləməlidirlər, təhqiqat aparılırmı, cinayətkarlar məsuliyyətə cəlb ediliblərmi, qurbanların vərəsələrinə kompensasiya veriləcəkmi və s. Bu suallara cavab vermək çətin idi.
Yeri gəlmişkən, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi daha əvvəl də BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistanın dövri hesabatlarına alternativ hesabatlar təqdim edib və sessiyaqabağı proseslərdə iştirak edib. Nəticədə hər iki Komitə yekun sənədlərində Ermənistana qarşı tələblər irəli sürüb.
Bu baxımdan, Məcburi Yoxaçıxmalar üzrə Komitənin üzvləri Ermənistanın BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 25 noyabr–13 dekabr 2024-cü il tarixlərində keçirdiyi 114-cü sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrin 31 və 32-ci paraqraflarında ifadə olunan tövsiyələri, məhz itkin düşmüş şəxslərin irqi zəmində məhv edilməsi və indiyədək onların taleləri haqqında məlumatın verilməməsi ilə bağlı tələbləri niyə yerinə yetirmədiyini soruşanda da ciddi cavab ala bilmədilər.
Yenə də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ilə İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyinin BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Ermənistanın 5-ci dövri hesabatına verdiyi alternativ hesabat əsasında İşgəncələr Əleyhinə Komitə 7 aprel–2 may 2025-ci il tarixlərində keçirdiyi 82-ci sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələr sənədində əsir və girovların işgəncə və əzabla qətlə yetirilməsindən narahatlığını ifadə edib və Ermənistandan cinayətkarların tapılıb cəzalandırılmasını, qurbanların ailələrinə kompensasiya verilməsini tələb edib.
Komitə üzvləri bu tələbin də yerinə yetirilmədiyini Ermənistanın rəsmi nümayəndə heyətinin diqqətinə çatdırıblar. Sonra Ermənistan XİN-in müavini etiraf çıxışına oxşar bir çıxış etməli oldu. Amma Ermənistan mediasına, yumşaq desək, tamamilə yanlış məlumatlar veriblər.
Bu məlumatın da tam mətnini internet resurslarında yerləşdirmişik.