Rüşvət və kənar təsirlər Brüsselin siyasətini müəyyənləşdirir - ANALİTİK

  • Azərbaycan və ABŞ-nin Avropa Parlamenti ilə bağlı mövqeləri üst-üstə düşür

Avropa Parlamentində baş vermiş korrupsiya qalmaqalları Avropa institutlarında şəffaflıq, hesabatlılıq və siyasi etika məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə 2022-ci ildə ortaya çıxan “Qatargate” işi zamanı Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kailinin adı araşdırmalarda hallanıb və onun mənzilində külli miqdarda nağd pul aşkarlanması barədə məlumatlar yayılıb.

Bu hadisə Avropa Parlamentində korrupsiyaya qarşı mübarizə və institusional nəzarət mexanizmlərinin müzakirəsinə səbəb olub. Məhz bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev 15 sentyabr 2026-cı ildə Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə Avropa Parlamentinə münasibətini sərt şəkildə ifadə edib. Prezident Avropa Parlamentini “rüşvətxorlar yuvası” adlandıraraq bu fikrini “tam məsuliyyətlə” söylədiyini bildirib. O, Avropa Parlamentinin keçmiş vitse-prezidenti ilə bağlı korrupsiya qalmaqalına diqqət çəkərək, onun evindən “çamadанlarla dolu milyonlarla dollar” aşkarlandığını qeyd edib və bu hadisənin, onun fikrincə, lazımi siyasi məsuliyyət doğurmadığını vurğulayıb. 

Prezident çıxışında məsələni yalnız korrupsiya iddiaları ilə məhdudlaşdırmayaraq Avropa Parlamentinin Azərbaycana və Ermənistan-Azərbaycan münaqişəsinə münasibətini də tənqid edib. İlham Əliyevin sözlərinə görə, Azərbaycan uzun illər Avropa təşkilatlarında öz mövqeyini və işğal faktını diqqətə çatdırmağa çalışıb, lakin beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti bu məsələdə Azərbaycanın mövqeyinə lazımi münasibət göstərməyib. O, həmçinin Avropa Parlamentinin Ermənistanı dəstəkləyən mövqe nümayiş etdirdiyini bildirib.

Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Avropa Birliyinin əksər qurumları, o cümlədən Avropa Parlamenti rüşvət və korrupsiya bataqlığına batıb:

“ Bu qurumların rüşvət və korrupsiyaya bulaşması artıq dəfələrlə müxtəlif qalmaqallara səbəb olub. Üstəlik, bu konkret faktlarla, sənədlərlə və araşdırmalarla da öz təsdiqini tapıb. Avropa Parlamentinə rəhbərlik edən 70 şəxsin rüşvət və korrupsiya fəaliyyəti ilə bağlı faktların ortaya çıxarılaraq ictimailəşdirilməsi bunu təsdiqləyir. Digər tərəfdən, Avropa Parlamenti də daxil olmaqla, bəzi Qərb qurumları Azərbaycana, eləcə də İslam dünyasına qarşı qərəzli mövqedən çıxış etdiklərini dəfələrlə sübuta yetiriblər. Həmin qurumların fəaliyyətində kənar təsirlərin rolu həmişə ön planda olub. Bu, xüsusilə də erməni diasporunun həm Avropa Parlamentinə, həm də digər Avropa qurumlarına birbaşa təsiri ilə bağlıdır. Bu təsir dəfələrlə həmin qurumların Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsinə, eyni zamanda reallıqdan uzaq, böhtan xarakterli iddiaların yer aldığı qətnamələrin qəbul olunmasına səbəb olub. Bunun da əsas arxasında duran faktor erməni diasporunun Avropa Parlamentinə daxil olan şəxslərə külli miqdarda rüşvət verməsi ilə bağlıdır. Avropa Parlamentinin Fransadan, Yunanıstandan və digər ermənilərə daha yaxın ölkələrdən olan deputatları erməni diasporunun maliyyə vəsaitlərinə xüsusi düşkünlük nümayiş etdirirlər. Onlar aldıqları rüşvət məbləğlərinin təsiri altında heç bir əsası olmayan, böhtan xarakterli iddialarla, uydurma qətnamələrlə Azərbaycana və digər İslam dünyası dövlətlərinə təzyiq göstərməyə çalışırlar”.

Analitik qeyd edib ki, Azərbaycan heç bir zaman bu rüşvət və korrupsiya bataqlığının təmsilçiləri qarşısında geri çəkilməyib və axıra qədər müqavimət göstərib:

“Azərbaycanın bu məsələdə bütün reallıqları, həqiqətləri dünyaya yayması təbii ki, Avropa qurumlarının, o cümlədən də Avropa Parlamentinin reputasiyasına neqativ təsirlər göstərir. Hazırda həm Avropa Birliyi, həm də Avropa Birliyinə aid olan qurumlar, o cümlədən də Avropa Parlamenti ciddi şəkildə nüfuz itkisinə məruz qalmaqdadır. Hətta ABŞ-da Avropa qurumlarını rüşvət və korrupsiyada, Avropa Birliyinin ənənəvi dəyərlərindən ciddi şəkildə uzaqlaşmaqda ittiham edirlər. Buna misal olaraq ABŞ-nin vitse-prezidenti Vensin Avropa qurumları barədə açıqlamalarını göstərmək olar. Üstəlik, o, bu açıqlamaları məhz Avropa məkanında səsləndirmişdir. Yəni ABŞ da Azərbaycan kimi Avropa Parlamentini, o cümlədən Avropa qurumlarını rüşvət və korrupsiya bataqlığına batmış, eyni zamanda öz dəyərlərindən uzaqlaşaraq ədalətsiz mövqe tutan siyasi elita hesab edir. Yəni bu məsələdə Azərbaycan və ABŞ tərəflərinin mövqeləri də üst-üstə düşür. Bütün bunlar onu göstərir ki, əgər AB və digər analoji qurumlar öz nüfuzlarını bərpa etmək istəyirlərsə, nəhayət, yenidən rüşvət və korrupsiyadan uzaqlaşaraq ədalətli mövqe tutmaq barədə düşünmələri vacibdir. Əks halda, onlar öz nüfuzlarını itirməkdə davam edəcəklər”.