Brüssel Rusiyaya yardım edənləri cəzalandıracaq - İqtisadçı

  • Akif Nəsirli: "Aİ Gürcüstan və Qırğızıstana xəbərdarlıq mesajı göndərir"

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi təzyiqləri daha da gücləndirərək sanksiyaların 21-ci paketini qəbul edib. Yeni məhdudiyyətlər Moskvanın maliyyə sistemi, enerji sektoru, hərbi-sənaye kompleksi və sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia olunan beynəlxalq maliyyə şəbəkələrini hədəf alıb. Paket çərçivəsində ilk dəfə üçüncü ölkələrdə fəaliyyət göstərən bank və kripto-platformalara qarşı da tədbirlərin genişləndirilməsi Aİ-nin Rusiyanın alternativ maliyyə kanallarını məhdudlaşdırmaq niyyətini ortaya qoyur.

Qeyd edək ki, Afrika ölkələrindəki fəaliyyəti nəzərə alınaraq, "A7" şirkəti ilə əlaqəli dörd qurum sanksiya siyahısına əlavə edilib. Həmçinin Gürcüstan, Panama, BƏƏ, Qırğızıstan və Belarusda yerləşən 14 kripto-platformaya qarşı məhdudiyyətlər tətbiq olunub.

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sherg.az-a bildirib ki, Avropa İttifaqının yeni sanksiyalar paketində Gürcüstan və Qırğızıstanla əlaqəli şirkətlərin yer alması həmin ölkələrə qarşı birbaşa sanksiya tətbiq edilməsi demək deyil. Onun sözlərinə görə, bu addım daha çox Rusiyaya tətbiq olunan məhdudiyyətlərin üçüncü ölkələr vasitəsilə dolanılmasının qarşısını almağa yönəlib:

“Aİ bununla göstərmək istəyir ki, Rusiya ilə sanksiyalardan yayınmağa kömək etdiyi hesab edilən istənilən şirkət və ya platforma harada fəaliyyət göstərməsindən asılı olmayaraq məhdudiyyətlərlə üzləşə bilər.

Siyasi baxımdan bu, Aİ-nin tərəfdaş ölkələrdən sanksiya rejiminə daha ciddi əməl etməsini gözlədiyinə dair mesajdır. Xüsusilə Gürcüstan kimi Aİ ilə yaxınlaşmaq istəyən ölkələr üçün bu qərar həm də xəbərdarlıq xarakteri daşıyır. Brüssel bu ölkələrin öz ərazilərinin Rusiyanın sanksiyalardan yayınması üçün istifadə edilməsini istəmir.

İqtisadi baxımdan isə belə məhdudiyyətlər adı çəkilən şirkətlərin Avropa bazarlarına çıxışını, maliyyə əməliyyatlarını və beynəlxalq tərəfdaşlarla əməkdaşlığını çətinləşdirə bilər. Eyni zamanda, bu addım digər ölkələrdə fəaliyyət göstərən şirkətlərə də siqnal verir ki, sanksiyalara məruz qalan Rusiya strukturları ilə əməkdaşlıq əlavə risklər yarada bilər. Bu baxımdan Aİ yeni paketlə sanksiyaların effektivliyini artırmağa və onların dolanılması imkanlarını minimuma endirməyə çalışır”.