“Zaman onların əleyhinə işləyir”
“İndiki məqamda İrəvanın ağlını başına toplaması, Azərbaycan və Türkiyə ilə ikili münasibətləri normallaşdırması şərtdir”
Türkiyə hava məkanını Ermənistan üçün bağlayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, bu qərarın verilməsi Ermənistan hökumətinin qərəzli və düşmənçilik davranışlarını davam etdirməsi ilə bağlıdır. Nazir qeyd edib ki, Azərbaycan və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatına İrəvanda abidə ucaldılması qəbuledilməzdir. Çavuşoğlu əlavə edib ki, hava məkanının qapadılmasından başqa nə lazım olsa, onu edəcəklər: "Vətən müharibəsi başa çatandan sonra Azərbaycanla Türkiyə səmimi şəkildə Ermənistanla münasibətlərin normallaşdırılmasını istədi. Azərbaycan sülh təşəbbüsü ilə çıxış etdi. Lakin Ermənistan Qarabağa silah sızdırır, gərginlik yaradır. Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edirik. Biz Ermənistanla dialoqa başlayarkən nə Ermənistan bizə "qondarma “soyqırımı” qəbul edin" deyib, nə də biz onlara "bundan vaz keçin" demişik. İrəvanda “Nemezis” əməliyyatına abidə ucaldılması Ermənistanın xoşniyyətli olmadığını göstərir". XİN başçısı deyib ki, sadəcə Ermənistan parlamentinin sədri Alen Simonyanın Türkiyənin hava məkanından istifadə etməsinə icazə verilib. Çünki Simonyan beynəlxalq tədbirə qatılmaq üçün Türkiyəyə səfər edəcək. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Ermənistanın uydurma "soyqırımı" ittihamlarının cavabsız qalmadığını da qeyd edib.
Ankara Universitetinin professoru, politoloq Toğrul İsmayıl "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanda siyasi vəziyyət stabil deyil, ölkədə böhranlı vəziyyət hökm sürür. Professor vurğulayıb ki, Nikol Paşinyan baş nazir olsa da, pozulmuş güc balansını bərpa etmək, bütün səlahiyyətləri öz əlinə almaq iqtidarında deyil: "Ən əsası odur ki, hazırda Ermənistanda anti-türk əhval ruhiyyəsi çox güclüdür. Bunu Azərbaycana və Türkiyəyə yönəlik siyasətdə açıq-aşkar görmək mümkündür. Paşinyan özü də stabil siyasət yeritmir. Gah qonşu ölkələrlə normal əməkdaşlıqdan, münasibətlərin qurulmasının zərurətindən danışır, gah da ərazi iddiası ilə çıxış edir, sülhə zidd açıqlamalar verir. Görünən odur ki, bütünlüklə erməni cəmiyyəti anti-türk isteriyası ilə zəhərlənib və bu xəstəliyi qısa müddətdə ortadan qaldırmaq qeyri-mümkündür. Belə faşist və irqçi yanaşma İrəvan və ermənilərin normal düşünməsini əngəlləyir. Qondarma "soyqırımı" məsələsinin ortaya atılması və ona "abidə" qoyulması münasibətlərin normallaşması istiqamətində ən böyük maneələrdən biridir. Ermənistan aqressiv siyasətdən vaz keçmir. Ermənilər nəinki Azərbaycan və Türkiyəyə, hətta Gürcüstan və Rusiyaya da ərazi iddiası ilə çıxış edirlər. Fərqində deyillər ki, zaman Ermənistanın əleyhinə işləyir. İndiki məqamda İrəvanın ağlını başına toplaması, Azərbaycan və Türkiyə ilə ikili münasibətləri normallaşdırması şərtdir".
T.İsmayıl vurğulayıb ki, Ermənistan regionda var olmaq istəyirsə, iki ən mühüm qonşusu ilə əlaqələri mütləq düzəltməlidir: "Ermənistanın Cənubi Qafqazda müstəqil dövlət kimi varlığı Rusiya, ABŞ, Avropaya yox, birbaşa Türkiyə və Azərbaycana bağlıdır. Bu iki ölkənin öz qapılarını ermənilərin üzünə bağlı saxlaması Ermənistanın çöküşünə kifayət edəcək. Ermənistanda kiçik uşaqların beyinlərini zəhərləyir, onlara faşizmi, irqçiliyi aşılayırlar. Belə şərtlər daxilində dövlətlər və xalqlar arasında münasibətlərin düzəlməsi imkansızdır. Həm Azərbaycan, həm də Türkiyə Vətən müharibəsindən sonra Ermənistana sülh və əməkdaşlıq təklifi edib. Əfsuslar olsun ki, iki ildən artıq zaman ötsə də, ermənilər reallığı görmürlər, görmək istəmirlər. Terrorçu təfəkkürü davam etdirirlər. Bu da Ermənistanı uçuruma aparır. Ermənilər başqa dövlətlərin əlində oyuncağa, maşaya çevrilirlər. Bölgədə maraqları olan güclər maşa kimi istifadə etdikləri erməni siyasətçilərin diliylə mövcud vəziyyəti daha da gərginləşdirir, bundan faydalanmağa çalışırlar. Bu işin sonu yoxdur. Münasibətlərin normallaşmasının müzakirə olunduğu vaxtda terror təşkilatına "abidə" qoyulması, faşist Njdeyə heykəl ucaldılması, qonşulara kin və nifrət bəsləmək böyük faciədir".