Dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən ABŞ və Avropanın sərt sanksiyaları ilə üzləşən Rusiya Donald Trampın siyasətindəki dəyişikliklər fonunda Vaşinqtonla münasibətlərini normallaşdırmağa yaxınlaşıb.
Sherg.az xəbər verir ki, “Habertürk” nəşrinin yazdığına görə, Trampın prezidentliyə qayıtmasından sonra ABŞ-ın Ukraynaya dəstəyini azaltması, Rusiya ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etməsi və Avropa ilə münasibətlərdə fikir ayrılıqlarının dərinləşməsi Moskvanın diplomatik mövqeyinə təsir göstərib.
Nəşr qeyd edir ki, Tramp ötən ilin oktyabrında Rusiya ilə danışıqların nəticəsiz qalmasından narazılığını bildirmiş, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq etmişdi. Alyaskada Vladimir Putinlə keçirilən sammit və Budapeştdə planlaşdırılan görüş də müharibənin dayandırılması ilə bağlı gözlənilən nəticəni verməmişdi.
Lakin sonrakı dövrdə Vaşinqtonun yanaşmasında dəyişikliklər müşahidə olunub. Tramp oktyabrın 9-da Rusiyadan dizel yanacağı alınacağını açıqlayıb. Eyni zamanda, ABŞ administrasiyasının Ukraynaya Rusiya neft emalı zavodlarına hücumları dayandırmaq üçün təzyiq göstərdiyi və Rusiyaya qarşı bəzi sanksiyaların dayandırılması məsələsinin gündəmə gəldiyi bildirilir.
Tramp Rusiyanın Ukrayna məsələsində “kifayət qədər yaxşı mövqe” sərgilədiyini də söyləyib. Məqalədə bu yanaşmanın ABŞ-da aralıq seçkiləri ərəfəsində yanacaq qiymətlərini azaltmaq və inflyasiyanı nəzarətdə saxlamaq cəhdi ilə əlaqəli olduğu qeyd edilir.
Kremlin məlumatına görə, Putin Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb. Tərəflərin gələn ay ABŞ-ın da iştirakı ilə Ukrayna üzrə danışıqların keçirilməsi məsələsində razılığa gəldikləri bildirilsə də, görüşlərdə nisbətən aşağı səviyyəli nümayəndələrin iştirak edəcəyi gözlənilir.
Moskva, həmçinin Rusiya, ABŞ və Çin arasında üçtərəfli sammit keçirilməsini təklif edib. Bu təşəbbüs Rusiyanın qlobal güc mərkəzlərindən biri kimi mövqeyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilir.
Məqalədə ABŞ və Rusiya arasında digər iqtisadi razılaşmaların da müzakirə olunduğu bildirilir. Bunlara Rusiyanın gübrələrinin ABŞ-a ixracı, enerji şirkəti “Lukoil”in xarici aktivlərinin satışı və Avropanın Rusiya qazını yenidən böyük həcmdə alması ehtimalı daxildir.
Bununla yanaşı, analitiklər iqtisadi güzəştlərin siyasi və təhlükəsizlik məsələlərini əhatə edən müharibənin həlli üçün yetərli olmadığını düşünürlər. Avropa ölkələri Ukraynaya iqtisadi və siyasi dəstəyi artırarkən, ABŞ ilə Avropa arasında fikir ayrılıqları da dərinləşir.
Nəşr vurğulayır ki, Moskva Trampın siyasətindəki dəyişikliklərə baxmayaraq, Vaşinqtonun mövqeyinin sabitliyinə tam əmin deyil. Rusiyanın qərarverici dairələrində ABŞ prezidentinin mövqeyini yenidən dəyişə biləcəyi ehtimalı nəzərə alınır.
Məqaləyə görə, ABŞ-Rusiya münasibətlərinin gələcək istiqamətinə təsir göstərəcək əsas amillərdən biri də noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərinin nəticələri olacaq.