Diasporla İş üzrə Dövlət Komitəsi 20 illik fəaliyyəti dövründə güclənən Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilərək, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin birliyi, həmrəyli uğrunda böyük işlərə imza atıb. Azərbaycanın dövlət siyasətini uğurla həyata keçirən Komitə diasporun formalaşmasından tutmuş təşkilatlanmasınadək çətin yol qət edib. Ölkədən kənarda səsimizə səs verən həmvətənlərin birliyinə nail olub. Bu gün Azərbaycan diasporunun səsi dünyanın demək olar ki, bütün ölkələrindən eşidilir. Bu da diaspor işinin düzgün şəkildə yerinə yetirilməsindən, azərbaycanlıların birlik və həmrəyliyindən irəli gəlir.
Millət vəkili Cavid Osmanov “Sherg.az”a açıqlamasında deyib ki, 1991-ci ilin 16 dekabrında ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasının Ali Sovetinə rəhbərlik etdiyi dövrdə dünya azərbaycanlılarının birliyinə, onların bir mövqedən çıxış etmələrinə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, həmrəylik nümayiş etdirilməsinə nail olmaq üçün təşəbbüs irəli sürmüşdü.
Deputat bildirib ki, daha sonra ümummilli liderimiz tərəfindən dünya azərbaycanlılarının fəaliyyətinin təşkil edilməsi, onların koordinasiyalı fəaliyyəti üçün ayrıca dövlət qurumunun yaradılması ilə bağlı Sərəncam imzalanmışdı:
“Ümummilli liderimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsi olaraq dünya azərbaycanlılarının koordinasiyalı şəkildə fəaliyyəti, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi, o cümlədən güclü və qüdrətli Azərbaycan qurmaq üçün ciddi addımlar atıb. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi də ümummilli liderimizin təşəbbüsü ilə başlayıb. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrə, 2003-cü ildən bu yana nəzər salsaq, görərik ki, dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində çox mühüm addımlar atılıb. Xüsusən, son illər ərzində Diaspora Komitəsi tərəfindən dünya azərbaycanlılarının koordinasiyalı şəkildə və bir amal uğrunda mübarizə aparmaqları istiqamətində ölkə Prezidenti tərəfindən qarşıya qoyulan vəzifələr yüksək səviyyədə həyata keçirilib. 2020-ci ilin iyul ayında Ermənistan tərəfindən bütün cəbhə boyu təxribatlar törədildikdə dünya azərbaycanlıları erməni yalanlarının, təxribatlarının qarşısını almaq istiqamətində önəmli təşəbbüslər göstəriblər. Eyni zamanda 44 günlük Vətən müharibəsində Diaspora Komitəsinin düzgün qurduğu koordinasiyalı fəaliyyətin nəticəsi olaraq dünya azərbaycanlıları Dəmir Yumruğun tərkib hissəsi olublar. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində vacib işlər görüblər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdiriblər. Hamı bir nəfər kimi cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdi. Bütün dünya gördü ki, dünya azərbaycanlıları birləşərək ölkəmizin qarşısında duran ən böyük problemi həll etməyi, işğalda olan torpaqlarımızı azad etməyi bacardı”.
Parlament üzvü qeyd edib ki, 2022-ci ilin aprel ayında keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında çıxış edən ölkə Prezidenti həm Komitə, həm dünya azərbaycanlıları qarşısında yeni hədəflər müəyyənləşdirdi:
“Şuşada keçirilən Zəfər Qurultayı çox böyük tarixi əhəmiyyətə malik idi. Çünki orada bütün dünya azərbaycanlılarının qarşısında gələcək hədəflər müəyyənləşdirildi. İnformasiya sahəsində Azərbaycan həqiqətlərinin, haqq səsimizin dünyaya çatdırılması, xaricdə yaşayan soydaşlarımızın, ələlxüsus gənc nəslin ana dilimizi, tariximizi yaxşı mənimsəməsi üçün addımların atılması xüsusi olaraq vurğulandı. Həmçinin, qeyd etmək lazımdır ki, ölkəmizin Birinci Vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir neçə xarici ölkədə Qarabağ məktəbləri fəaliyyət göstərir. Bu da xaricdəki soydaşlarımız və yetişməkdə olan gənc nəsl üçün müstəsna əhəmiyyət kəsb edir. Məhz Diaspora Komitəsi tərəfindən həyata keçirilən işlərin məntiqi nəticəsidir ki, dünya azərbaycanlıları mükəmməl şəkildə təşkilatlanıblar. Soydaşlarımız dünyanın hər yerində Azərbaycanın haqq səsini ucaldırlar. Şübhəsiz ki, bütün bunlar cənab Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsidir”.