Əfşar Süleymani: “ABŞ İranı iqtisadi mühasirəyə alıb, amma Tehran hələ də müqavimət göstərir”

İran ən ağır sanksiyalar altında belə hərbi sənayesini inkişaf etdirdi

Sabiq səfir: “Sanksiyalar İranı güzəştə getməyə məcbur edə bilməz”

ABŞ və İran arasında cəbhədəki gərginlik yerini “iqtisadi müharibəyə” verib. ABŞ prezidenti Donald Tramp iranlı həmkarı ilə iyunun 17-də imzaladığı İslamabad Memorandumuna əsasən Tehrana tətbiq etdiyi sanksiyaları yumşaltmağı öhdəsinə götürdü. Lakin tərəflər arasında yaranan yeni gərginlik sanksiya təzyiqinin növbəti mərhələsini başlatdı. ABŞ Konqresi Rusiya və İrana qarşı sanksiya rejimini sərtləşdirən yeni qanun layihəsini təsdiqləyib. Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyi SEPAH-a maliyyə imkanı yaradan iki böyük kripto-birjanı, eləcə də İrana kömək edən bank və valyutadəyişmə şəbəkələrini sanksiya siyahısına salıb. ABŞ-nin maliyyə naziri Skott Bessent İranı ayaqda saxlayan maliyyə şəbəkələrini dağıdacaqlarını açıqlayıb. İranın XİN sözçüsü, İsmayıl Bəqai isə ona cavabında sanksiyaların İranı zəiflətməyəcəyini bildirib.  

Bəs ABŞ-nin iqtisadi təzyiqləri İranı güzəştə getməyə məcbur edə biləcək, yoxsa daxili bazar yeni şəraitə adaptasiya olacaq?

Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, sanksiyalar hər zaman İran iqtisadiyyatına təsir göstərib:

“ABŞ-nin sanksiyaları İranda maksimum qiymətlərin yüksəlməsinə təsir göstərə bilər. Yəni 47 ildir sanksiyalara məruz qalan İran faciəvi vəziyyətə düşməyib. Bu daha çox ticarətlə məşğul olanlara təsir göstərib. İnflyasiyanın tüğyan etdiyi vaxtda belə İran daxili istehsalı sayəsində heç vaxt məhsul qıtlığı yaşamayıb. Ölkə öz daxili tələbatını yerli bazarın hesabına ödəyə bilir. Tarixən nə ABŞ-nin birtərəfli, nə də beynəlxalq koalisiyaların tətbiq etdiyi sanksiyalar gözlənilən nəticəni tam verməyib. İran sanksiyaları yan keçmək üçün alternativ mexanizmlər quraraq, problemləri həll etməyi bacarıb. Bəli, neftini su qiymətinə satmalı olub, amma satıb. Yəni problem tam həll olunmasa da, sistem batmayıb. İran ən ağır sanksiyalar altında belə nəinki dayanmadı, hətta hərbi və nüvə sənayesini inkişaf etdirdi. Ölkə bu şəraitdə raket və PUA (dron) istehsalını artırdı, uranı zənginləşdirdi, yeni nəsil sentrifuqalar və müxtəlif hərbi sursatlar hazırladı”. 

Sabiq səfirin sözlərinə görə, Amerika və İsrail İrana birgə hücum edəndə onun hərbi potensialının nəyə qadir olduğunu gördülər:

“İranın hərbi potensialının sıfırlandığını deyən Trampın bəyanatları mövcud reallıqla kəskin təzad təşkil edir. İran hal-hazırda hərbi istehsalı davam etdirir və ABŞ-nin bölgədəki bazalarını vurmaq imkanını qoruyub saxlayır. Bu vəziyyət ABŞ-nin özü üçün ciddi müdafiə və logistika problemləri yaradıb. Vaşinqton xüsusilə "Patriot" və "THAAD" raketdən müdafiə arsenalının tükənmək riski ilə qarşı-qarşıyadır. Bu cür yüksək texnologiyalı avadanlıqların istehsalı uzun zaman tələb edir. Müdafiə arsenalındakı çatışmazlıq, Vaşinqtonu hərbi yardımlarını yenidən qiymətləndirməyə vadar edib. Hətta bu səbəbdən Ukraynaya hərbi dəstək göstərə bilməyəcəyini açıqlayıb”. 

Müsahibin fikrincə, Hörmüzün bağlanması boğazdan keçən ölkələrin ticarət gəmiləri üçün saksiyaya bərabərdir:

“Boğazdakı vəziyyət ABŞ-nin enerji resurslarının qiymətinin bahalaşmasına səbəb olur. Davamlı dezinformasiya yayaraq, danışıqlar görüntüsü yaratmaq və paralel olaraq hücumlar təşkil etmək bazarda qiymət manipulyasiyasına xidmət edir. Əsas məqsəd bu taktika ilə prosesi noyabr seçkilərinə qədər uzatmaqdır. Amerikada sentyabr ayından etibarən seçki kampaniyası başlayacağı üçün hazırda iqtisadi amillər və daxili siyasi risklər nəzərə alınaraq, hücumlar müvəqqəti dayandırılıb. Lakin bu, hərbi əməliyyatlardan tamamilə imtina edildiyi mənasına gəlmir. Seçkilərdən sonra prosesin yenidən aktiv hərbi fazaya keçmə ehtimalı yüksəkdir. Aydındır ki, tətbiq edilən bu strategiya indiyədək gözlənilən siyasi və hərbi nəticəni verməyib. Düzdür, İrana 300 milyarda yaxın ziyan dəyib. 4 minə yaxın insan canını tapşırıb”. 

Ə.Sülemani onu da qeyd edib ki, Amerika İranla bağlı streteji məqsədlərinə çatmayıb:

“Nə İranın nüvə obyektlərinə həlledici zərbə vurula bilib, nə də onun raket potensialı sıradan çıxarıb. Nüvə infrastrukturu və hərbi-texniki baza yerində qalır. Bu da Tehrana istənilən an proqramı bərpa etmək və inkişaf etdirmək imkanı verir. Şübhəsiz ki, mövcud vəziyyət İran üçün asan deyil. Xüsusilə dərinləşən inflyasiya və sosial-iqtisadi çətinliklər əhalinin yükünü artırır. Lakin cəmiyyət müharibənin başa çatacağı ümidi ilə təzyiqlərə sinə gərməyə çalışır. Aydın məsələdir ki, böhran yalnız danışıqlar yolu ilə həll olunmalıdır. Lakin Vaşinqton əvvəldən konstruktiv mövqe nümayiş etdirməyib. Diplomatik müzakirələrin getdiyi, razılaşmaların əldə olunduğu vaxtda dəfələrlə hücumlar təşkil edilib”. 

Həmsöhbətimizin qənaətinə görə, Hürmüz boğazındakı gərginlik İranı iqtisadi mühasirəni yarmaq üçün alternativ marşrutlara yönəldib:

“Bu məqsədlə Pakistanla həmsərhəd keçidlərdən, Xəzər dənizindəki logistikadan, Azərbaycan üzərindən tranzit imkanlarından, eləcə də Çin və Rusiya ilə ticarət koridorlarından istifadə olunur. Hərbi əməliyyatların 1 həftəyə İranın təslim olması ilə nəticələnəcəyi barədə ilkin təsəvvürlər puça çıxdı. Müqavimət artıq 5 aya yaxındır davam edir. İranda milli suverenlik və təhlükəsizlik prioritet olduğuna görə iqtisadi çətinliklərə dözmək zərurəti yaranıb. Lakin müharibənin uzanması İranda inflyasiyanı dərinləşdirə və qlobal iqtisadiyyata zərbə vura bilər. Yeganə çıxış yolu diplomatik mexanizmlərin tezliklə işə düşməsidir”.