Rusiya -Ukrayna müharibəsi yeni mərhələyə keçib -ŞƏRH

“Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd edib ki, Rusiya-Ukrayna böhranının ilkin səbəbləri aradan qaldırılmadan Moskva müharibənin dondurulmasına razı olmayacaq. Göründüyü kimi, Rusiya müharibəni davam etdirməkdə maraqlıdır. Sentyabrdan etibarən səfərbərlik istiqamətində müəyyən addımların atılması, həmçinin Şimali Koreyadan 35-40 minə yaxın hərbçinin Rusiyaya və ya Ukrayna cəbhəsinə gətirilməsi ilə bağlı məlumatlar da Moskvanın hərbi potensialını artırmağa çalışdığını göstərir”.

Bunu Sherg.az-a Milli Cəbhə partiyasının başqanın müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

O, qeyd edib ki, Rusiya aktiv şəkildə Ukrayna müharibəsinin davam etdirilməsində maraqlı görünür:

“ Bununla belə, Moskva bir tərəfdən ABŞ-nin vasitəçiliyini önə çəkir, digər tərəfdən isə əvvəlki razılaşmalara qayıdış məsələsini gündəmə gətirir. Görünür, Rusiya bununla ABŞ-yə müəyyən mesajlar verməyə, Vaşinqtonun münaqişədə tərəf olmadığını vurğulamaqla Amerikanı xüsusilə hərbi müstəvidə Ukrayna böhranından kənarda saxlamağa çalışır. Lakin ABŞ Prezidenti Donald Trampın son açıqlamalarından görünür ki, Vaşinqton artıq Vladimir Putinin danışıqlarda real maraqlı olmadığı və danışıqları uzatmağa çalışdığı qənaətinə gəlir. Bunun fonunda Ukraynaya hərbi yardımların artırılması həyata keçirilir. Eyni zamanda, Konqresdə Rusiyaya qarşı yeni sanksiya qəbulu Moskvanın iqtisadiyyatına ciddi təzyiq göstərəcək. Bu da ABŞ-nin Ukraynanı dəstəkləyən mövqeyinin getdikcə daha aydın xarakter aldığını göstərir”.

Analitik qeyd edib ki, Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalı ilə bağlı Ukraynaya müəyyən texnoloji və lisenziya verilməsi yaxın perspektivdə mümkündür:

“Təbii ki, Patriot kimi mürəkkəb sistemlərin istehsalı çoxsaylı texniki və hüquqi razılaşmalar tələb edir və bu prosesin qısa müddətdə reallaşması asan deyil. Burada həm ABŞ dövlət strukturları, həm də silah istehsalçıları arasında ciddi koordinasiya zəruridir. Ümumilikdə, Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı əvvəlki mövqeyindən müəyyən mənada geri çəkildiyini və Ukraynaya daha açıq dəstək verir. Bununla yanaşı, Türkiyənin də Ukraynaya hərbi dəstəyini genişləndirmək, o cümlədən ATACMS raketlərinin tədarükü məsələsini nəzərdən keçirmək niyyəti Qərbin Rusiyaya qarşı mövqeyinin sərtləşdiyini göstərən amillərdəndir”.

M.Əsədullazadə vurğulayıb ki, Rusiya qarşısında NATO və ümumilikdə Qərb koalisiyasının daha ciddi şəkildə formalaşdığını görürük:

“Moskvanın müharibənin ilkin səbəblərini yenidən gündəmə gətirməsi, Ukraynanın faktiki olaraq silahsızlaşdırılması kimi tələbləri Qərb tərəfindən qəbul edilə biləcək yanaşma deyil. Çünki bu siyasət Ukraynanın suverenliyinə və təhlükəsizlik sisteminə birbaşa təsir göstərir. Rusiyanın hazırkı siyasəti beynəlxalq nizamı ciddi şəkildə sarsıdır, Avropanın təhlükəsizlik arxitekturasını təhdid edir və ABŞ-nin beynəlxalq mövqeyinə meydan oxuyur. Bu səbəbdən Vaşinqtonun Moskvanın bu siyasətinə uzun müddət dözümlü yanaşması real görünmür. Hesab edirəm ki, qarşıdakı mərhələdə Rusiyaya qarşı daha ciddi iqtisadi və siyasi təzyiqlər tətbiq oluna, eyni zamanda Ukraynaya hərbi yardımlar artırıla bilər. Məqsəd Rusiyanı hərbi yolla məğlub etməkdən daha çox, Moskvanın danışıqlar masasına daha real və güzəştə hazır mövqedə oturmasını təmin etmək ola bilər. Digər tərəfdən, Rusiyanın iqtisadi vəziyyətinə müharibənin yaratdığı yük getdikcə artır. Bu baxımdan Rusiya-Ukrayna müharibəsi artıq yalnız regional qarşıdurma deyil, Qərblə Rusiya arasında daha geniş geosiyasi rəqabətin yeni mərhələsinə çevrilib. Bu qarşıdurmada Çinin və Şimali Koreyanın da Rusiyaya müxtəlif formalarda dəstək verməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Dünya faktiki olaraq yeni bir geosiyasi qarşıdurma mərhələsinə daxil olur. Rusiya ilə Qərb arasındakı hərbi-siyasi rəqabətin dərinləşməsi Avropada təhlükəsizlik balansını daha da dəyişdirə və Ukrayna müharibəsinin yaxın perspektivdə başa çatmasını çətinləşdirə bilər”.