Ərdoğan-Putin görüşü: “Bakı da müəyyən suallara cavab tapacaq”

“Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerikalı həmkarı Co Bayden arasında görüş olmuşdu. Türkiyə lideri həmin görüşdən razı qalmamışdı. Fikrimcə, Ankara- Vaşinqton münasibətləti Rusiya- Türkiyə əlaqələrinə təsir edəcək”.
 Bu sözləri Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı arasında sentyabrın 29-da Moskvada keçirilməsi planlaşdırılan görüş barədə“Sherg.az”a danışan BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.
 Onun fikrincə, tərəflər arasındakı əlaqələrdə yumşalmalar olacaq: 

“Məlumdur ki, ABŞ-ın həm Rusiyaya, həm də Türkiyəyə qarşı münasibəti nənfidir. Bunun fonunda tərəflər bir-birilə yaxınlaşa, müəyyən qarşılıqlı güzəştə gedə bilərlər. Bu, Azərbaycanın maraqlarına uyğundur. Beləliklə, bizim öz problemlərimizi həll etməyimiz üçün şərait yaranacaq. ABŞ Əfqanıstandan çıxandan sonra Rusiya üçün təhdid yarandı. İndi həmin təhdidin qarşısını almaqdan ötrü Türkiyənin köməyinə ehtiyac var. Fikrimcə, Moskva Ankaranın bu imkanlarından yararlanacaq. Eyni zamanda Türkiyənin Suriyadakı mövqeləri daha da möhkəmlənəcək”.

Ə.İbrahimov hesab edir ki, bundan sonra Ermənistanla münasibətlər də aydınlaşacaq: 

“Bəzi ərazilərdə tərəflərin mövqeləri toqquşur. Amma, yəqin, görüşdən sonra “sular durulacaq”.  Hər halda Rusiyaya nisbətən Türkiyənn mövqeyi daha güclü, təsir mexanimzləri daha çoxdur. Ermənistan baş naziri Nikol Paşinyanın son vaxtlar Türkiyə ilə yaxınlaşmaq cəhdləri diqqət çəkir. Qardaş ölkə liderinin hələlik gözləmə mövqeyində olması Putinlə müzakirələrlə bağlıdır. Əlbəttə, Ermənistanla münasibətlər üçün Rusiyadan icazə alınmayacaq, amma hər halda atılan addımlarla bağlı şimal qonşumuzu məlumatlandıracağıq. Ümumiyyətlə, qonşularımızın regionla bağlı razılaşdırılmış addımlar atması bizim maraqlarımıza cavab verir. Görüşdən sonra rəsmi Bakı da  bir çox suallara cavab tapacaq, o cümlədən Tehranla münasibətləri necə tənzimləmək lazım olduğunu müəyyənləşdirəcəyik”.

Professor, həmçinin Krım məsələsinə də toxundu: 

“Doğrudur, Ərdoğan BMT kürsüsündə Ukraynanın ərazi bütövlüyünü tanıdığını dedi. Lakin Krım məsələsinin həlli dövlət başçısının imkanları xaricindədir. Ümumiyyətlə, bu, Türkiyənin prioriteti deyil. Ankara Krım “kart”ından sadəcə Moskvaya qarşı təsir mexanizmi kimi istifadə edir. Bu, müəyyən güzəştlərə nail olmağa hesablanıb”.

Kənan Novruzov