Erməni lobbisinə qarşı Türk Birliyi ortaya qoyulmalıdır

Türk xalqlarının beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə KİV vasitəsilə səsinin çatdırılması effektiv nəticə verə bilər

44 günlük Vətən müharibəsindən sonra erməni lobbisi Azərbaycana və Türkiyəyə, ümumiyyətlə, türk dünyasına qarşı kəskin prioritetlərlə çıxış edərək beynəlxalq mediada dezinformasiya yayır və çirkin qarayaxma kampaniyası aparır. Erməni lobbisi bir növ terror təşkilatı imici yaradır. Amerika Erməniləri Milli Komitəsi anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini maksimum güclə həyata keçirməyə çalışır. Erməni lobbisinin Türkiyənin mübarizə apardığı terror təşkilatları ilə əlbir olması isə ciddi narahatlıq yaradır. 

Buna görə də dünyadakı erməni separatçı qurumların fəaliyyəti daimi nəzarətdə olmalı və onların planlarına qarşı bütün türk dünyasının cavab tədbirləri görülməlidir. 

Diaspor Fəaliyyətinə Dəstək İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Şərq”ə açıqlamasında bildirib ki, erməni terroruna qarşı önləyici tədbirlərin görülməsi tarixi zərurətə çevrilib. Ekspertin fikrincə, informasiya cəbhəsində erməni lobbisinə qarşı Türk Birliyi ortaya qoyulmalıdır: 

“Mayın 14-də İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü toplantısı keçirildi. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin türk dövlətlərinə çağırış etmələri problemin nə dərəcədə ciddi və aktual olmasından xəbər verir. Ötən gün Bakıda ilk dəfə keçirilən Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda da erməni lobbisinə qarşı iki qardaş ölkənin, ümumiyyətlə, türk dövlətlərinin QHT-lərinin birgə fəaliyyəti, layihələrin icrası üçün ciddi təklif və təşəbbüslər irəli sürüldü. Forumun yekununda “Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platforması”nın təsis olunması qərara alındı. Bu, strateji olaraq erməni lobbisinə qarşı da davamlı şəkildə cavab tədbirlərinin görülməsinə geniş imkanlar yaradacaq. İnanırıq ki, türk xalqlarının haqlarının müdafiəsi və bu istiqamətdə önləyici fəaliyyət aparmaq üçün “Azərbaycan və Türkiyə QHT-lərinin Əməkdaşlıq Platforması” birgə səylərin artırılmasını daha da gücləndirəcək. Platforma üzərindən türk xalqlarının, həmçinin diasporların həmrəyliyi, erməni lobbisinin ifşa edilməsi, türk xalqlarının beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə KİV vasitəsilə səsinin çatdırılması effektiv nəticə verə bilər”.