Ermənistan mediası Azərbaycana qarşı nifrət təbliğ edir - TƏHLİL

Bu durum Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına zərbə vurur


  Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib ki, sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır. Onun sözlərinə görə, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də, dünyanın müxtəlif bölgələrində yaşayan erməniəsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir: 

“Bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət alıb. İstər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr səsləndirilib”. Ombudsman bildirib ki, hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür. Xarici işlər nazirinin müavini Elnur Məmmədov da bildirib ki, azərbaycanlılara qarşı etnik nifrət nitqi yayan şəxslər Ermənistan dövləti tərəfindən himayə olunur. Onun sözlərinə görə, Ermənistan hökumətinin etnik siyasəti nəticəsində “azərbaycanlılarla ermənilərin bir yerdə yaşaya bilmədiyi” təbliğatı bu gün də davam edir: "Ermənilərin ideologiyalarında türklərə nifrət, onlara qarşı mübarizə aparmaq təlqin olunur. Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Koçaryan öz çıxışlarında vurğulayıblar ki, azərbaycanlılar və ermənilər uyğun deyil, onlar birgə yaşaya bilməzlər". 

  Ermənistanda bəzi dairələrin məqsədyönlü şəkildə tətbiq etdikləri nifrət siyasətini "Sherg.az"a dəyərləndirən millət vəkili Ceyhun Məmmədov deyib ki, Ermənistan uzun illərdir Azərbaycana qarşı təbliğat aparır.

 Deputatın sözlərinə görə, istənilən erməni saytını açsaq, sosial şəbəkələrin erməni seqmentinə baxsaq, dövlətimizə, xalqımıza qarşı nifrəti aydın şəkildə görmək mümkündür: "Ermənistan mediası Azərbaycana qarşı nifrəti təbliğ edir. Erməni cəmiyyəti bu istiqamətdə xüsusi fəallıq nümayiş etdirir. Ermənistan öz siyasətini, yanaşmasını mütləq dəyişməlidir. Ümumiyyətlə, Azərbaycana qarşı bu cür zərərli yanaşmalara son qoyulmalıdır. Çünki bəzi qüvvələrin, radikal dairələrin nifrəti təbliğ etməsi Azərbaycan-Ermənistan arasında aparılan sülh danışıqlarına zərbə vurur. Ona görə də qarşısı mütləq alınmalıdır".