Ghosting edənlər də tərk edilənlər qədər əziyyət çəkir

Araşdırma göstərib ki, münasibəti heç bir izahat vermədən qəfil bitirən insanlar da günahkarlıq, utanc və peşmanlıq hissi yaşayırlar.

Sherg.az xəbər verir ki, Kembric və Kaliforniya universitetlərinin tədqiqatçılarının apardığı araşdırmaya görə, qarşı tərəflə ünsiyyəti qəfil və izah vermədən kəsən insanlar da bu davranışın psixoloji təsirlərindən əziyyət çəkirlər.

“Ghosting” adlandırılan bu davranış müasir münasibətlərdə geniş yayılıb. Araşdırmada iştirakçıların təcrübələri, hipotetik vəziyyətlər və rəqəmsal ünsiyyət nümunələri əsasında fenomenin psixoloji təsirləri öyrənilib.

Nəticələr göstərib ki, ünsiyyəti qəfil kəsən şəxslər qarşı tərəfin düşündüyündən daha çox peşmanlıq və günahkarlıq hissi keçirə, hətta depressiv əlamətlərlə üzləşə bilərlər. Beləliklə, bu davranışın mənfi təsirləri yalnız tərk edilən tərəflə məhdudlaşmır.

Tədqiqatçılar anlaşılmazlıqların və incikliklərin qarşısını almaq üçün sadə ünsiyyət üsullarının əhəmiyyətini vurğulayıblar. Onların fikrincə, danışmaq istəmədiyini qısa mesajla bildirmək belə qarşı tərəfin qeyri-müəyyənlik içində qalmasının qarşısını ala bilər.

“Personality and Social Psychology Bulletin” jurnalında dərc olunan araşdırma rəqəmsal münasibətlərdə izahsız şəkildə yoxa çıxmağın düşünüldüyü qədər nəticəsiz olmadığını göstərir.