Paşinyan Bakı-Ankara gərginliyinə münasibət bildirdi: “Bu, onların öz işidir”

  • "Ermənistanın Azərbaycan və Türkiyə ilə öz münasibətləri var və İrəvan bu istiqamətdə işləyəcək"

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla Türkiyə arasında münasibətlərdə yaranmış gərginliyi şərh etmək istəməyib.

Erməni jurnalistlər Paşinyandan bu vəziyyətin Ermənistana necə təsir göstərə biləcəyini, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını sürətləndirib-sürətləndirməyəcəyini və ya Bakını İrəvanla sülh sazişini daha tez imzalamağa sövq edib-etməyəcəyini soruşub. Sualda Paşinyanın müəyyən etdiyi 2031-ci il hədəfinə də toxunulub.

“Bu, onların öz işidir. Bizim Azərbaycan və Türkiyə ilə öz münasibətlərimiz var və biz bu istiqamətdə işləyəcəyik”, - deyə Ermənistanın baş naziri bildirib.

Sərhədin açılmasına hazırda nəyin mane olduğu və Türkiyənin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini nəzərə almadan qərar qəbul edib-etməyəcəyi ilə bağlı suala cavabında Paşinyan Azərbaycanın sülh sazişi ilə əlaqədar müəyyən qeydlərinin olduğunu bildirib və proseslərin hazırda bu mərhələdə olduğunu vurğulayıb.