Vens Netanyahuya dəstək vermədiyini açıqladı: “Ona hücum da etmirəm”

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsraildə keçiriləcək seçkilərlə bağlı açıqlamasında Baş nazir Binyamin Netanyahuya nə hücum etdiyini, nə də onu dəstəklədiyini bildirib. O, əsas diqqətini ABŞ-də keçiriləcək aralıq seçkilərinə yönəltdiyini vurğulayıb.

Sherg.az xəbər verir ki, Vens Ohayo ştatında keçirilən seçki mitinqində iştirak edərək qarşıdan gələn Konqres seçkilərində respublikaçı namizədlərə dəstək üçün seçicilərə müraciət edib.

Vens İsraildəki seçkilərlə bağlı mövqeyini izah edərkən bildirib ki, hazırda onun əsas məqsədi ABŞ-də keçiriləcək seçkilərdə öz namizədlərinin qalib gəlməsinə nail olmaqdır.

O, həyatı boyu yalnız bir dəfə xarici ölkədə — Macarıstanda bir namizədi dəstəklədiyini, lakin seçkinin nəticələrinin o qədər də yaxşı olmadığını xatırladıb. Buna görə də artıq başqa ölkələrin seçkilərində namizədlərə dəstək verməkdən çəkinir.

“Netanyahuya hücum etmirəm, ona dəstək də vermirəm”, - deyə Vens vurğulayıb.

Vitse-prezident əlavə edib ki, Netanyahoya dəstək verib-verməmək qərarı ABŞ Prezidenti Donald Trampın özündən asılıdır. Onun sözlərinə görə, əsas məsələ prezidentin dəstəyidir və Tramp bu barədə öz seçimlərinə uyğun qərar verəcək.

Xatırladaq ki, Donald Tramp oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərlə bağlı Binyamin Netanyahuya dəstəyini açıqlayıb. Vens isə bundan əvvəlki açıqlamasında İsrail seçkilərinə müdaxilə etmədiyini və diqqətini ABŞ-dəki aralıq seçkilərə yönəltdiyini bildirmişdi.

Qalereya