Ona görə də İrəvanı sülhə məcburetmə siyasətini davam etdirməliyik
Nazirlərin vasitəçisiz əlaqə qurması önəmli nüansdır
Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. Nazirlər, iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Tərəflər, Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər. Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub. Həmçinin, nazirlər humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Xatırladaq ki, bu, XİN rəhbərlərinin ikinci birbaşa əlaqəsidir. İlk telefon danışığı aprelin 11-də reallaşıb. Ekspertlərin fikrincə, yekun sülh sazişinin imzalanması, işçi qrupların əlverişli fəaliyyəti və müəyyən razılıqların əldə olunması üçün birbaşa təmasların olması vacibdir. Çünki əksər hallarda vasitəçilərin müdaxiləsi prosesin qeyri-müəyyən vaxtadək uzanmasına, nəticələrin yubanmasına gətirib çıxarır.
Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu “Şərq”ə açıqlamasında deyib ki, keçmiş münaqişə subyektləri arasında birbaşa kommunikasiyanın olması çox müsbət haldır. Deputatın sözlərinə görə, vasitəçilər özləri də hansısa münaqişənin tənzimlənməsi prosesinə cəlb olunanda onlar ilkin olaraq tərəflər arasında kommunikasiya qurmağa çalışırlar:
“Azərbaycan və Ermənistan arasında birbaşa əlaqələrin qurulması, müzakirələrin aparılması sonrakı addımların atılması baxımından zəruridir. Azərbaycan-Ermənistan münasibətlərinin post-münaqişə mərhələsində normallaşdırılması üçün XİN başçıları səviyyəsində birbaşa təmaslar daha dinamik addımların atılmasına səbəb ola bilər. Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərkən vurğuladı ki, “bizim çox vaxtımız yoxdur”. Yəni rəsmi Bakı məsələlərin uzanmasını istəmir. Tərəflər arasında birbaşa əlaqə qısa zaman kəsiyində nəticənin əldə olunmasına şərait yaradacaq. Ölkələr öz mövqelərini rahat formada uzlaşdırmaq imkanı əldə edəcək, koordinasiya etmək imkanlarına sahib olacaqlar. Xatırladım ki, Brüsseldə sonuncu görüş zamanı Azərbaycan və Ermənistan sərhədlərinin müəyyənləşməsi üçün komissiyanın yaradılması razılaşdırılıb. Bu razılaşma da birbaşa təmasları aktuallaşdırır”.
Parlament üzvü vurğulayıb ki, Ermənistan tərəfi əksər hallarda öhdəliyinə əməl etmir, məsuliyyətdən qaçmağa çalışır:
“İrəvan hökumətinin sərgilədiyi mövqe ilə praktiki davranışları arasında ciddi ziddiyyət müşahidə olunur. Aprelin 23-də sərhədimizdə baş verən erməni təxribatı da ona dəlalət edir ki, Ermənistana tam güvənmək olmaz. Ona görə də İrəvanı sülhə məcburetmə siyasətini davam etdirməliyik. XİN rəhbərlərinin birbaşa təmasları bu mənada təsirli vasitə rolunu oynaya bilər. Rəsmi Bakı sülhlə bağlı öz mövqeyini ortaya qoyur, digər yandan isə erməniləri təxribatdan çəkindirmək üçün hərbi gücümüzü yenidən xatırladır. Siyasi dialoq, müəyyən nəticələrə nail olmaq və təxribatlara son vermək baxımından xarici işlər nazirlərinin vasitəçisiz əlaqə qurması önəmli nüansdır”.