400-dən çox mina qurbanı var, Azərbaycanın təhlükəsizliyi hələ də risk altındadır
Bu gün işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində mina hadisəsi baș verib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Çobanov Vasif rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Göründüyü kimi Ermənistanın işğal dövründə əraziləri sistemli şəkildə minalaması və indiyədək də tam xəritələri təqdim etməməsi mina təhlükəsinin hələ də davam etməsinə səbəb olur. Bu, təkcə humanitar problem deyil, həm də Azərbaycanın suveren ərazilərində təhlükəsizlik və həyat üçün ciddi təhdiddir. Belə hadisələr bir daha göstərir ki, işğalın yaratdığı risklər hələ də aradan qaldırılmayıb və Ermənistanın məsuliyyətsiz siyasəti nəticəsində minatəmizləmə işləri yüksək riskli və həyati təhlükəli şəraitdə həyata keçirilir.
Milli Məclisin deputatı Arzuxan Əlizadə “Sherg.az”a açıqlamasında mina terrorunun çox ciddi və aktual problem olduğunu söyləyib. Onun sözlərinə görə, belə faciələr mina probleminin böyük humanitar təhlükələrdən biri olduğunu göstərir: “İllərdir Ermənistan tərəfdən mina xəritələrinin verilməsini tələb edirik. Bəzən dəqiqlik səviyyəsi çox aşağı olan xəritələri təqdim ediblər, bəzən isə ümumiyyətlə onlarda bu cür xəritələrin olmadığını söyləyiblər. Amma nəticə dəyişmir və hələ də mina partlayışından həyatını itirən, ağır xəsarətlər alan insanlarımız var. Ermənistanın məsuliyyətsizliyi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Çünki müharibədən sonra mülki əhaliyə və hərbçilərə təhlükə yaradan yüzminlərlə minaların basdırıldığı yeri göstərən xəritələr əsla gizlədilə bilməz. Bu, aşkar müharibə cinayətidir. Azərbaycan əraziləri təxminən otuz il işğal altında qaldığı dövrdə, həm cəbhənin təmas xətti boyunca, həm də İkinci Qarabağ müharibəsindən sonra təəssüflər olsun ki, "Rusiya sülhməramlı qüvvələri"nin məsuliyyət dairəsində yerləşən ərazilər də daxil olmaqla, Azərbaycan torpaqlarında genişmiqyaslı mina basdırılması və ərazilərin minalarla çirkləndirilməsi prosesi aparılıb. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbədən sonra isə Azərbaycan bu ərazilərin minalardan təmizlənməsi istiqamətində ciddi və sistemli fəaliyyətə başlayıb”.
A. Əlizadə bildirib ki, Azərbaycan və Ermənistan arasında kommunikasiya yarandıqdan sonra belə, Ermənistan tərəfi mina xəritələrinin tam və dəqiq miqyasını Azərbaycan tərəfinə təqdim etməyib. Təqdim olunan xəritələrin doğruluq dərəcəsi isə cəmi 20–25 faiz civarındadır:
“Bir çox hallarda erməni tərəfi minaların pərakəndə və plansız şəkildə basdırıldığı da məlumdur ki, bu, mahiyyət etibarilə beynəlxalq humanitar hüquqa zidd olan ağır müharibə cinayətidir. Xüsusilə piyada əleyhinə, tank əleyhinə və digər növ minalardan istifadə etməklə Azərbaycan ərazilərinin çirkləndirilməsi beynəlxalq müharibə cinayəti hesab olunur".
Deputat qeyd edib ki, Ermənistanın işğal dövründə törətdiyi vəhşiliklər, müharibə cinayətləri ilə yanaşı, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi faktları da beynəlxalq ictimaiyyətin diqqətinə faktlarla çatdırılmalıdır. Bu faktlar artıq ortadadır və görülən işlər göz qabağındadır: “Bu fəaliyyətin beynəlxalq ictimaiyyətə çatdırılması gələcəkdə bağlanması gözlənilən sülh müqaviləsinə təsir etmək məqsədi daşımır. Bu, bütün dünyaya ünvanlanan açıq mesajdır ki, bu cür müharibə və insanlıq əleyhinə cinayətlərə bundan sonra yol verilməsin. Eyni zamanda, bu cinayətlərə yol vermiş Ermənistanın əvvəlki siyasi və hərbi rəhbərliyində təmsil olunan şəxslər beynəlxalq məsuliyyətə cəlb edilməli və ən azı beynəlxalq ictimaiyyətin ciddi qınağını hiss etməlidirlər. Ərazilərin minalardan təmizlənməsi son dərəcə vacibdir. Bu, həm təhlükəsizlik, həm ekoloji baxımdan zəruridir, həm də vaxtilə öz dədə-baba yurdlarından didərgin düşmüş bacı-qardaşlarımızın geri qayıtması, həmin ərazilərdə məskunlaşması, infrastrukturun bərpası üçün ilkin və əsas şərtdir. Biz dəfələrlə minatəmizləmə prosesini əyani şəkildə müşahidə etmişik. İşğaldan azad edilmiş ərazilərə səfərlər zamanı bu prosesin nə qədər təhlükəli və məsuliyyətli olduğunu bir daha görmüşük. ANAMA əməkdaşları bu ağır və riskli vəzifəni böyük fədakarlıqla yerinə yetirirlər. Lakin bütün maarifləndirmə tədbirlərinə baxmayaraq, mina qurbanlarının sayı artıq 400 nəfəri ötüb və təəssüflər olsun ki, insan itkisi ilə nəticələnən hallar da kifayət qədər çoxdur. Məhz buna görə bu sahədə icmalı dinləmələrin keçirilməsi, maarifləndirmə işlərinin gücləndirilməsi, daha çox texnikanın cəlb edilməsi və digər ölkələrin bu prosesdə iştirakının təmin olunması baxımından məsələlərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ictimailəşdirilməsi olduqca vacibdir”.