"Ermənistanla dəmir yolunun açılması mənafeyimizə ziddir"

Politoloq: "Zəngəzur dəhlizinin adi nəqliyyat yolu kimi fəaliyyəti daha çox rus və erməni tərəfinə sərf edir"

   Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla bağlı yeni açıqlama verib. Paşinyan iki ölkə arasında kommunikasiyalarının açılmasına yaxın olduqlarını bildirib. Baş nazir deyib ki, rəsmi İrəvan və Bakı dəmiryolu kommunikasiyalarının açılmasına yaxındır. Paşinyan Azərbaycan ilə dəmiryolu əlaqəsinin yeni operatorunun Rusiya Dəmir Yolları olacağını sözlərinə əlavə edib: “Artıq Ermənistan tərəfi Yerasxdan (Arazdəyən) Horadizə (Zəngəzur dəhlizi) dəmir yolunun çəkilməsinin praktiki məsələlərini müzakirə edir”. 

Hökumət başçısı xatırladıb ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk və Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov bir gün əvvəl Ermənistana işgüzar səfərə gəliblər: “Ermənistan baş nazirinin müavini Mher Qriqoryan onlarla görüşüb. Biz üçtərəfli qrupun işinin ilk nəticələrini elan etməyə yaxınıq. Artıq razılığa gəlmişik ki, dəmiryolunun hissələri keçdiyi ölkələrin qanunlarına uyğun fəaliyyət göstərsin”. Baş nazir xatırladıb ki, hazırda yolun layihələndirilməsi və maliyyələşdirilməsi müzakirə olunur: “Belə dinamika davam edərsə, yaxın vaxtlarda bu layihəni həyata keçirmək mümkün olacaq”. 

Paşinyanın nisbətən pozitiv bəyanatını “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Azərbaycan-Ermənistan əlaqələrinin mahiyyəti göründüyü qədər sadə deyil. Partiya təmsilçisi gedişatı qənaətbəxş hesab etmir: 

“İstər Ermənistanın, istərsə də “sülhməramlı” adı ilə fəaliyyət göstərən Rusiyanın hərəkətləri göstərir ki, İrəvan özünü məğlub kimi aparmır. Zəngəzur dəhlizinin hüquqi statusu müəyyən edilməmiş, hətta Azərbaycanın “dəhliz” tələbi yerinə yetirilməyənə kimi dəmir yolunun açılması ölkəmizin mənafeyinə ziddir. Zəngəzur dəhlizinin adi nəqliyyat yolu kimi fəaliyyəti daha çox rus və erməni tərəfinə sərf edir. Azərbaycanı Türkiyə ilə birləşdirən “Bakı-Tbilisi-Qars” dəmir yolu fəaliyyətdədir. Nəqliyyat kommunikasiyalarını bu və ya digər formada reallaşdırmaq mümkündür. Amma Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələrindəki yüz illik problemlərin qısa müddətdə çözülməsi çətindir. Paşinyanın “xoşməramlı” addımlarına ümidlənərək uzunmüddətli planlar cızmaq sadəlövlük olardı. Rusiya daxil, bir çox güclərin maraq dairələrinin toqquşduğu Cənubi Qafqaz regionunda stabillik və inkişafa doğru xoşməramlı yaxınlaşmaya mane olmaq istəyən qüvvələr var. Sülhdən və əməkdaşlıqdan danışmaq üçün hələlik nə hüquqi, nə də mənəvi baza mövcuddur. Azərbaycan hər zaman güc amilindən istifadə etməlidir. Türkiyə ilə birgə güc nümayişi Ermənistanı sülhə və əməkdaşlığa cəlb etməyin ən yaxşı variantıdır”.