Güclə düşüncənin vəhdəti bu gün də vacibdir

Vətən müharibəsi günlərindəki kimi media və sosial şəbəkələrin səfərbərliyi aktualdır

Prezident İlham Əliyev Gənclər Forumunda çıxış edərkən Qarabağ müharibəsinin təbliğat məsələləri üzərində dayandı. Dövlət başçısı müharibə müddətində sosial şəbəkələrin və ənənəvi media vasitələrinin informasiya cəbhəsindəki fəallığından söz açdı. Ölkə rəhbəri qələbənin qazanılmasında Azərbaycan və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğuladı. Həmçinin, mövcud istiqamətdəki fəaliyyətin davamlılığını müstəsna vətənpərvərlik missiyası, mənəvi borc olaraq önə çəkdi. Prezidentin qeyd etdiyi məqamlar həmin dövrdəki informasiya aktivliyinin müxtəlif aspektlərini bir daha yada salmaq zərurətini aktuallaşdırır. Bu həm də ona görə vacibdir ki, əldə etdiyimiz zəfərin hansı məziyyətlər hesabına başa gəldiyi barədə düşünək. Ən əsası isə arxayınlaşmayaq. 

Mətbuat Şurasının sədri, sabiq millət vəkili Əflatun Amaşov vurğulayıb ki, dövlət başçısı İlham Əliyev mövzuya əhatəli yanaşmaqla arxayınlaşmamağımızı istəyir. Eyni zamanda informasiya müharibəsinə hazır olmaq prioritetini açıqlayır.

 Ə.Amaşov xatırladıb ki, müharibə dövründə Azərbaycanın ən başlıca informasiya təbliğatçısı kimi çıxış edən qüvvə Prezident idi: 

“Ölkə başçısı dünyanın 30-dan çox media orqanına verdiyi müsahibələrdə Qarabağla bağlı həqiqətlər ənənəvi müdafiə ampluasından çıxdı. Prezident münaqişə ilə bağlı həqiqətləri tarixi və beynəlxalq hüquq baxımdan sistemli şəkildə açıqladı. Ölkəmizin haqlı mövqeyinin müdafiəsində ardıcıllıq və prinsipiallıq göstərdi. Ermənistan rəhbərliyinin saxta mahiyyətini ifşa etdi. İnformasiya müstəvisindəki təxribat və manipulyasiyaları heçə endirərək beynəlxalq aləmi savaşımızın müqəddəsliyinə inandırdı. Dövlət başçısının xalqa müraciətlərinin informasiya savaşındakı önəmi də xüsusi vurğulanmalıdır. Bu müraciətlər nəticəsində hər bir sıravi azərbaycanlı informasiya müharibəsinin əsgərinə çevrildi. Ali Baş Komandanın fikirləri insanlarımızı müharibəyə kökləyirdi. Həm də kənar təsirlərdən, eləcə də informasiya diversiyalarının mənfi təzahürlərindən qoruyurdu. Onu da vurğulamaq lazımdır ki, xalqın dövlət başçısı ilə həmrəyliyi xaricə ünvanlanmış kifayət qədər ciddi mesaj idi”.
MŞ sədrinin sözlərinə görə, Ordumuz cəbhə boyu əks-hücum əməliyyatına başlayarkən KİV cəmiyyətdəki böyük ruh yüksəkliyini istiqamətləndirən ictimai institut kimi çıxış etdi: “Bu institutun vəzifəsi həm müharibə reallıqlarına düzgün reaksiyasının formalaşdırılmasından, həm də proqnozlaşdırılan dezinformasiyaların mənfi təsirlərini önləməkdən ibarət idi. Ölkəmizin müvafiq dövlət qurumlarının səmərəli fəaliyyəti fonunda biz medianın, eləcə də sosial medianın dövlətin reallaşdırdığı tədbirlərə münasibətdə adekvat işini gördük. İstər Müdafiə Nazirliyi, istərsə də digər qurumlar müxtəlif mənbələr tərəfindən yayılmış informasiyalara kifayət qədər çevik reaksiya verdilər. Yəni dövlət KİV-i zəruri bilgilərlə operativ şəkildə təmin etdi. Bilgilər isə yalnız informasiyalar şəklində olmadı. Onlar həmçinin dezinformasiyaların insanlara təsirini önləmək məqsədi daşıdı. Proses kifayət qədər düşünülmüş formada tənzimləndi, tutarlı arqumentlərlə zənginləşdirildi. Müharibə dövründə informasiya cəbhəsinin xarici seqmentinə ayrıca yanaşma var idi. Dövlət başçısının vurğuladığı kimi, bu seqmentin İkinci Qarabağ müharibəsi ilə bağlı yaydığı fikir və baxışlar əsasən ermənipərəst qüvvələr tərəfindən idarə olunur, mütəmadi yenilənərək dövriyyəyə buraxılır. Nəzərə alaq ki, müharibənin ilk günlərində xarici mediada, xüsusən də Rusiya KİV-lərində tərəfsizlik prinsipi pozulur, öz torpaqlarını işğaldan azad edən Azərbaycan bir növ təcavüzkar kimi göstərilirdi”.

Ə.Amaşov qeyd edib ki, Prezidentin də vurğuladığı kimi, ermənilər informasiya cəbhəsində özlərinə əmin idilər. Xaricdəki informasiya lobbiçiliyinə inanırdılar: 

“Hesab edirdilər ki, erməni lobbi və diaspor təşkilatlarının təbliğatı Azərbaycanı təcavüzkar kimi tanıtdırmaq gücündədir. Ancaq tam əks proseslər yaşandı. 

Ordumuzun uğurlu əməliyyatları fonunda Azərbaycanın informasiya cəbhəsindəki aktivliyi ermənilərə yaxın olan xarici qüvvələri prosesə ədalətli yanaşma barədə düşünməyə sövq etdi. Deməli, həm güc öz sözünü dedi, həm də düşüncə.

Bəli, güclə düşüncənin vəhdəti bu gün üçün də vacibdir. Vətən müharibəsi günlərindəki media və sosial şəbəkələrin səfərbərliyi aktualdır. 

Ermənistan tərəfindən sülh sazişi ilə bağlı necə pozitiv siqnallar gəlsə belə, əlimiz tətikdə, daha doğrusu, silah kimi istifadə edəcəyimiz qələmdə olmalıdır. 

Çünki Ermənistan cəmiyyəti, eləcə də xaricdəki erməni lobbi və diaspor təşkilatları öz məğlubiyyətlərini boyunlarına alsalar da, qələbəmizi etiraf etmirlər. 

Unutmayaq ki, bu etiraf yalnız dayanıqlı sülh deyil, bütövlükdə dominant mövqe qazandığımız Cənubi Qafqaz regionunun təhlükəsizliyi və inkişafı baxımından müstəsna əhəmiyət daşımaqdadır”.