Həbsxana hotel oldu

Burada ən qatı cinayətkarlar saxlanılırmış

  Avstraliyada həbsxana hotelə dönüşdürülüb. “Şərq”  xarici mediaya istinadən bildirir ki, bu, bir zamanlar məşhur olan Pentridge həbsxanasıdır. Həbsxana 1851-ci ildə tikilib. Burada ən qatı cinayətkarlar saxlanılırmış. Onlardan biri qatı cinayətkar kimi tanınan Ned Kelli idi. Ned Kellinin həyatı hətta filmlərə ssenari olub və maraqla izlənib. Ned Kelli Avstraliyada məşhur oğru, quldur, soyğunçu kimi tanınırdı, hərçənd xalq arasında ona rəğbət də olub. O, müstəmləkəçilik əleyhinə mübarizə aparan şəxs kimi də məşhurlaşıb. 

Onun cinayət dosyesində 16 polis əməkdaşının ölümü var. Deyilənə görə, N.Kelli oğrular yaxalamasın deyə, polisləri qətlə yetirirmiş. N.Kellinin saxlandığı və asıldığı həbsxana  indi lyüks hotelə dönüşdürülüb. Həbsxananın dəhlizlərinin uzunluğu 6 kilometrdir. Həbsxananın qalın divarları inşaat işləri aparanları xeyli çətinə salıb.  

Təxminən 150 il istifadəsiz qalmış həbsxana artıq hotel kimi fəaliyyət göstərəcək. Həbsxananın geniş həyəti də istirahət zonasına çevrilib. Hoteldə qalanlar həbsxananın tarixi ilə tanış olacaq, məhbusların saxlandığı kameralarda dincələcəklər. 

Hotel-həbsxanada maraqlı eksponatlar da nümayiş olunur. Eksponatlar arasında məşhur quldur Ned Kellinin döyuş libası da sərgilənir. Həbsxananı hotelə dönüşdürənlər bunun turistlərin marağına səbəb olacağına və böyük gəlir gətirəcəyinə inanırlar.