Hesablama Palatasının sədri deputatların qaldırdığı iddiaları qəbul etməyib
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə “Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında” hesabatı daxil edilib. Parlamentə sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Komitə iclasında bəzi deputatlar hesabatla bağlı iradlarını bildiriblər. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bildirib ki, biz düşmən tapdağından azad edilən əraziləri tikinti meydanından əməkdaşlıq arenasına çevirmişik. Deputat deyib ki, indiyə qədər azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinə 6,5 mlrd. manat vəsait sərf edilib, yaxın zamanda bu məbləğ 10 mlrd. manata çatdırılacaq: “Bu istiqamətdə Hesablama Palatasının atdığı ilk addımın nəticəsi yoxdur. Hesab edirəm ki, burada vəsaitdən istifadənin səmərəliliyini artırmaq yönümündə təsirli tədbirlərin icrasında Hesablama Palatasının gücündən istifadə edilməsə, bu, gələcəkdə xeyli əlavə problemlərin yaranmasına səbəb ola bilər. Yoxlamalarla bağlı nəticələr ona görə belədir ki, Hesablama Palatası hazırkı reallıqlar şəraitində yalnız mümkün olanı edə bilir. Mümkün olanları edəndə nəticə həddən artıq aşağı olur. Ona görə ki, dövlət maliyyəsindən istifadənin səmərəlilik dərəcəsi, bu istiqamətdə olan pozuntular istənilən Azərbaycan vətəndaşına məlumdur. Onların göstəriciləri çox aşağıdır. Digər tərəfdən, qazi və şəhid ailələrinin problemlərinin həll olunması istiqamətində işlər artırılmalı və buna geniş yer ayrılmalıdır".
Deputat Vahid Əhmədov isə deyib ki, hesabat kifayət qədər qəlizdir və mürəkkəb hazırlanıb: “Bizim komitənin üzvləri başa düşsə də, hesabat digər deputatlar üçün olduqca çətindir. Hesabatda nöqsanlar göstərilsə də, onların nəticələri aydın qeyd olunmayıb. Eyni zamanda göstərilən nöqsanlar elədir ki, hər hesabatda yenidən təkrar edilir. Nöqsanları göstərərkən sonrakı fəaliyyət barədə məlumat verilməlidir. Bunların təkrar olması Hesablama Palatasının fəaliyyətinə kölgə salır. Ona görə də bu sahədə nəzarət gücləndirilməlidir”.
V.Əhmədov vurğulayıb ki, satınalmalar ən ağrılı yerimizdir: “O hesabat yoxdur ki, orada satınalmalar ilə bağlı problem olmasın. İndiki hesabatda da aşkarlanan nöqsanlar 26-27 faiz təşkil edir. Özü də nöqsanlar elə nöqsanlardır ki, hər dəfə təkrarlanır, hamısı eyni məsələlərdir. Bu nöqsanların təkrar olunması Hesablama Palatasının fəaliyyətinə kölgə salır. Ciddi tədbirlər həyata keçirməliyik ki, bu problemlər aradan qaldırılsın”.
Deputat Rüfət Quliyev Hesablama Palatasının prokurorluğa göndərdiyi materialların taleyinə aydınlıq gətirməsini istəyib: "Düzgün xərclənməyən vəsaitlə bağlı Hesablama Palatası materialları prokurorluq orqanlarına göndərəndən sonra o işin axırı necə olur? Cəmiyyətdə bilinsə ki, hansısa bir təşkilat filan qədər vəsaiti düzgün xərcləməyib, nəticəsində məhkəmə qərarı ilə müəyyən addımlar atılıb, o birilərinə də dərs olar”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə bildirib ki, lazım olan hər bir şey detallı hazırlanıb: "Milli Məclisdə hesabat verən digər qurumlar da belə əhatəli hesabat hazırlasınlar". Palata sədri deputatların iradlarını qəbul etmədiyini söyləyib: “Hesabatı tam oxumaq lazımdır ki, ondan sual verə biləsən. Deputat Vahid Əhmədov, Əli Məsimlinin qaldırdığı iddiaları qəbul etmirik. Bildirək ki, hər hansı dəyişiklik olmursa, burada Hesablama Palatasının günahı yoxdur. Digər tərəfdən, deyə bilərəm ki, qurumların çoxunda artıq ştat məsələləri aktualdır. Burada əsas məsələ həmin ştatların doldurulmasıdır. Biz Hesablama Palatası adından qeyd edirik ki, Milli Məclisdə də səmərəlilik artırılmalıdır, təkcə bir neçə deputat səviyyəsində yox, ümumi diqqət artırılmalıdır”.