“Yeni model şəffaflığı artıracaq” - Xüsusi icra məmurları ilə bağlı vacib DETALLAR

Bu model qarışıq, yəni dövlət və özəl fəaliyyətin paralel mövcudluğuna əsaslanır

Azərbaycanda xüsusi icra məmurlarının fəaliyyətinin hüquqi çərçivəsinin daha da sərtləşdirilməsi istiqamətində mühüm addım atılıb. Milli Məclis tərəfindən müzakirəyə çıxarılan və qəbul edilən dəyişikliklərə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 528-3-cü maddə əlavə olunub. Bu yenilik xüsusi icra məmurlarının və onların köməkçilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, qanunsuz fəaliyyət hallarının qarşısının alınması və ümumilikdə icra prosesində şəffaflığın artırılması məqsədi daşıyır. Qəbul edilən dəyişikliklər çərçivəsində bir sıra pozuntulara görə konkret cərimələr müəyyənləşdirilib ki, bu da sahədə intizamın və məsuliyyətin artırılmasına xidmət edir.

Layihəyə əsasən, xüsusi icra məmurları haqqında" qanuna uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə min beş yüz manat məbləğində cərimə ediləcək. Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə olunacaq. Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə beş yüz manat məbləğində tətbiq ediləcək. Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlamasına görə xəbərdarlıq ediləcək və ya beş yüz manat məbləğində cərimə olunacaq. Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə min beş yüz manat məbləğində cərimə ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bu dəyişiklikləri hüquqi sistemin təkmilləşdirilməsi baxımından müsbət addım kimi qiymətləndirib. O, Sherg.az-a bildirib ki, xüsusi icra məmurlarının fəaliyyəti birbaşa məhkəmə qərarlarının icrası ilə bağlı olduğundan bu sahədə şəffaflıq, peşəkarlıq və hüquqi məsuliyyətin gücləndirilməsi vacibdir: 

“Bilirsiniz ki, Azərbaycanda icra məmurları institutunun təkmilləşdirilməsinə ehtiyac uzun illərdir ki, müzakirə olunan vacib məsələlərdən idi. Dövlət icra orqanları bəzi hallarda iş yükünün çoxluğu, struktur məhdudiyyətləri və resurs çatışmazlığı səbəbindən məhkəmə qərarlarını və digər icra sənədlərini vaxtında və effektiv şəkildə icra edə bilmirdilər. Belə bir vəziyyət icra institutunda islahatların aparılması zəruri idi. 

Yeni tətbiq olunan xüsusi icra məmurları institutu da bu sahədə rəqabət mühitinin formalaşdırılması, peşəkar yanaşmanın təşviqi və bazar mexanizmlərinə uyğun fəaliyyətin təmin edilməsi məqsədinə xidmət edir. Bu model qarışıq, yəni dövlət və özəl fəaliyyətin paralel mövcudluğuna əsaslanır”.

Hüquqşünasın sözlərinə görə, xüsusi icra məmurlarının fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir. Onlar yalnız icra işlərindən əldə olunan xidmət haqları və icra yığımlar hesabına maliyyələşirlər:

“Bu xidmət haqları qanunla tənzimlənmiş tariflər əsasında müəyyən edilir və borclunun hesabına tutulur. Belə yanaşma bir tərəfdən vətəndaş üçün əlavə yük yaratmır, digər tərəfdən isə icra məmurları üçün səmərəli fəaliyyətə stimul verir. Lakin xidmət haqqının motivasiya vasitəsinə çevrilməsi bəzi hallarda sui-istifadə hallarına yol aça bilər. Borclulara qarşı qeyri-peşəkar və kobud yanaşma, xüsusilə də bank kreditlərinin qaytarılması ilə bağlı hallarda, əvvəlki təcrübədə müşahidə olunub. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni maddə uzun müddətdir mövcud olan boşluqların aradan qaldırılmasına xidmət edir. Xüsusilə reyestrdən kənar fəaliyyət göstərən şəxslərlə bağlı sanksiyaların müəyyən edilməsi hüquqi dövlət prinsiplərinin qorunması baxımından əhəmiyyətlidir. Peşə etikası normalarına əməl olunması və nəzarət mexanizmlərinin işləkliyi mühüm əhəmiyyət daşıyır. Bu, vətəndaşların hüquqlarının müdafiəsinə də birbaşa təsir göstərir”.

Ə. Nuriyev həmçinin qeyd edib ki, xüsusi icra məmurlarının vahid geyim formasından və nişanlarından qanunsuz istifadəyə görə məsuliyyətin artırılması bu peşəyə olan etimadın qorunmasına xidmət edir. Çünki bu kimi hallar həm vətəndaşların çaşdırılmasına, həm də saxta fəaliyyət risklərinin artmasına səbəb ola bilər:

 “Ümumilikdə hesab edirəm ki, qəbul edilən dəyişikliklər icra institutunun daha səmərəli və məsuliyyətli fəaliyyətinə töhfə verəcək. Lakin bu normaların praktikada effektiv tətbiqi üçün nəzarət mexanizmləri gücləndirilməli və institusional yanaşma təmin olunmalıdır.”